“Vikipediya”da tarixi Xudafərin körpüsünə dair xüsusi bölmə yaradılıb - FOTOLAR

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Vikipediya”da Azərbaycan və İranı birləşdirən, Ermənistanın işğalından azad edilmiş Cəbrayıl rayonunda Araz çayı üzərində salınmış iki Xudafərin körpüsü haqqında özbək dilində bölmə istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğal olunması nəticəsində tarixi Xudafərin körpüsü də işğalçıların nəzarətinə keçdiyi, yalnız 2020-ci il oktyabrın 4-də Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində düşməndən geri alındığı qeyd edilib. Vurğulanıb ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüsü də dağıntılara məruz qalıb.

Diqqətə çatdırılır ki, Xudafərin körpüsü Azərbaycan memarlıq məktəbinin nadir abidəsi sayılır. Böyük İpək yolunun üzərində yerləşən körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub. Əsas körpüdən bir qədər aralı daha bir körpü də var ki, o da Xudafərin adlanır. On bir aşırımlı ikinci körpü XIII əsrdə, Elxanilər dövründə inşa olunub. Hazırda həmin körpünün yalnız 3 aşırımı qalıb.

Bildirilir ki, birinci Xudafərin körpüsü tikinti materialı və memarlıq üslubuna görə daha monumentaldır və xüsusi naxışlı, dairəvi daş bəzək lövhələri, yüksək memarlıq-mühəndis işinə görə Azərbaycan memarlıq ənənələrinin ən dəyərli abidələrindən, şah əsərlərindən biridir.

Bölməyə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Xudafərin körpüsünü ziyarət etməsinə dair fotoşəkillər də əlavə olunub.

Eyni zamanda, bölmədə İran-Azərbaycan sərhədindən keçən Araz çayı üzərində inşa edilmiş eyniadlı su anbarı haqqında da məlumat verilir. Bildirilir ki, su anbarı 1993-cü ildən 2020-ci il oktyabrın 18-dək Ermənistanın işğalı altında olub. Bu su anbarı vasitəsilə Azərbaycanın 75 min hektar ərazisinin suvarılması mümkün olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: