“Qarabağ – mədəniyyətimizin beşiyi”: Varazqun məbədi - FOTOLAR
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində növbəti material Varazqun məbədinə həsr edilib.
Varazqun məbədi Laçın rayonu ərazisində yerləşən qədim alban abidəsidir. Abidə II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb.
Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Ehtimal olunur ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olmuşdur.
Yüksək dağlıq ərazidə inşa edilən məbədin ərazisində VII əsrə aid qədim alban qəbiristanlığın qalıqları, həmçinin XVI əsrdə kəsilmiş Səfəvi dövlətinə aid sikkələr tapılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.