Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına həsr olunmuş monoqrafiya Naxçıvanşünaslığa dəyərli töhfədir

A- A A+

Naxçıvan Muxtar Respublikası son 25 ilə yaxın bir müddət ərzində çox böyük inkişaf yolu keçmişdir. Həyata keçirilən  məqsədyönlü və düşünülmüş siyasət, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı inkişaf strategiyasının uğurlu tətbiqi nəticəsində muxtar respublika aqrar regiondan Azərbaycanın inkişaf etmiş sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Bu inkişaf özünü  elm sahəsində də qabarıq şəkildə büruzə vermişdir. Ümummilli  lider Heydər Əliyevin 7 avqust 2002-ci ildə imzaladığı Sərəncam ilə yaradılan  Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan Bölməsi muxtar respublikada elmi-tədqiqat işlərinin sistemli şəkildə aparılmasında, elmin yüksələn xətt üzrə inkişaf etdirilməsində mühüm rol oynadı. Bundan sonra Naxçıvanda elmin müxtəlif istiqamətləri  üzrə tədqiqatlar aparılmağa başlandı, uğurlu nəticələr əldə olundu, çoxlu kitab, monoqrafiya, ümumiləşdirici əsərlər nəşr olunaraq elmi dövriyyəyə daxil edildi. Bu iş bu gün də uğurla davam etdirilməkdədir. 

Bu yaxınlarda Naxçıvanşünaslıq elmi xəzinəsi AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyası ilə zənginləşmişdir. Muxtar respublikanın 95 illiyinə həsr edilmiş və bu yubileyə layiqli töhfə olan monoqrafiya Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixdə imzaladığı Sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nın tələblərinə uyğun olaraq hazırlanmışdır. Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri iqtisad üzrə elmlər doktoru, professor Nazim Əhmədov, tarix üzrə elmlər doktoru Fəxrəddin Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.

İlk səhifələrinə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı və həmin Sərəncamla təsdiq edilən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Tədbirlər Planı”nın daxil edildiyi monoqrafiya – giriş, 3 fəsil, 19 paraqraf, nəticə və əsərin yazılmasında istifadə olunan ədəbiyyatların siyahısından ibarətdir.
Müəllifin fikrincə, 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında 1991-1993-cü illər “itirilmiş illər” kimi xarakterizə olunsa da, bu fikri Naxçıvan Muxtar Respublikasına aid etmək olmaz. Çünki həmin vaxt ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşaması, Ali Məclisin Sədri kimi muxtar respublikaya rəhbərlik etməsi bölgəni böyük bəlalardan, xüsusilə erməni təcavüzündən xilas etdi. Məhz həmin vaxtlar Azərbaycanın dövlət müstəqilliyinin əsasları Naxçıvanda qoyuldu, hətta Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi ilk dəfə Naxçıvanda qaldırıldı, sovet qoşunları ərazidən çıxarıldı, özəlləşdirmə sahəsində addımlar atıldı. Beləliklə, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının əsasları qoyuldu. Muxtar respublikada sonralar həyatın bütün sahələri üzrə əldə olunan möhtəşəm uğurlar məhz bu zəmin üzərində inkişaf etdirildi.

Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” adlı monoqrafiyasında da məhz bu inkişaf və tərəqqi illəri, 1995-ci ilin dekabrında cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən 2019-cu ildə daxil olmaqla, son 25 il ərzində muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafının ən mühüm istiqamətləri tədqiq edilmiş, dinamik və davamlı inkişaf, bölgədə baş verən dəyişikliklər, əldə olunan nailiyyətlər faktiki materiallar əsasında öyrənilmişdir.

Monoqrafiyanın I fəslində öncə muxtar respublikanın inkişafına nəzər salınmış, onun ümumi səciyyəsi ortaya qoyulmuş, yeni sənaye sahələrinin yaradılması, bütövlükdə, sənayenin inkişafı haqqında yığcam məlumat verilmişdir. Həmçinin fəsildə muxtar respublikada kənd təsərrüfatının inkişafı, aparılan tikinti-quruculuq və abadlıq işləri, nəqliyyat, rabitə sahəsində baş verən dəyişikliklər, elektroenergetikanın yenidən qurulması və inkişaf etdirilməsi, ekologiya və yaşıllaşdırma sahəsində həyata keçirilən tədbirlər haqqında bəhs olunmuşdur.

Birinci fəsli yekunlaşdıraraq akademik İsmayıl Hacıyev belə bir qənaət əldə etmişdir ki, muxtar respublikada həyata keçirilən uğurlu və məqsədyönlü siyasət nəticəsində tarixən aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikasının aqrar-sənaye regionuna çevrilməsi üçün ciddi əsaslar yaradılmış, kənd təsərrüfatı yüksək inkişaf səviyyəsinə qalxmış, tikinti-quruculuq və abadlıq işləri böyük vüsət almış, Naxçıvanın blokada vəziyyətində olmasını nəqliyyat sektoru, informasiya-kommunikasiya texnologiyalarının inkişafı aradan qaldırılmış, muxtar respublikanın sürətli inkişafı təmin edilmişdir. Həmçinin muxtar respublikada enerji təhlükəsizliyi yaradılmış, təbii qazla təminat başa çatdırılmış, əlverişli ekoloji mühitin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Əsərin II fəsli Naxçıvan Muxtar Respublikasının sosial inkişafına həsr olunmuşdur. Akademik İsmayıl Hacıyev bu fəsildə sosial inkişafın ümumi səciyyəsini vermiş, sosial sahədə baş verən dəyişikliklər, istehlak bazarı, əhalinin gəlirləri, ödənişli xidmətlər, demoqrafik proseslər, məşğulluq problemlərinin həlli, səhiyyə sisteminin inkişafı və əhalinin sağlamlığının qorunması məsələlərini şərh etmişdir. Beləliklə, fəsildən aydın olur ki, Azərbaycan Respublikasının sosial siyasəti muxtar respublikada uğurla aparılmış, Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər əhalinin sosial problemlərinin həll edilməsinə kömək etmiş, sosial müdafiə sahəsində islahatlar nəticəsində əhalinin rahat və firavan yaşaması üçün şərait yaradılmış, onların rifah halı yaxşılaşdırılmışdır. Səhiyyə sisteminin maddi-texniki bazası möhkəmləndirilmiş, bu sahədə aparılan islahatlar əhalinin sağlamlığının etibarlı qorunmasına şərait yaratmışdır. Caspian European Clubun 2018-ci və 2019-cu illərdə ölkəmizin iqtisadi regionları üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ikinci dəfə ən yüksək bal toplayaraq lider olmuşdur.

Monoqrafiyanın sonuncu – III fəslində muxtar respublikada mədəniyyətin inkişafından bəhs edilmişdir. Bu fəsildə müəllif muxtar respublikada mədəniyyətin ayrı-ayrı sahələrinin, o cümlədən elm, təhsil, mədəni-maarif müəssisələri, ədəbiyyat, mətbuat, incəsənət və turizmin inkişafından söhbət açmışdır. Müəllifin qənaətinə görə, muxtar respublikada aparılan uğurlu siyasət nəticəsində təhsil və mədəniyyət yüksək səviyyədə inkişaf etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ziyalılara, elm adamlarına göstərdiyi diqqət və qayğı muxtar respublikada yeni mərhələdə elmin, milli ziyalılığın inkişafına öz müsbət təsirini göstərmişdir. Həmçinin yüksək dövlət qayğısı nəticəsində muxtar respublikada mədəni-maarif müəssisələri, ədəbi mühit inkişaf etmiş, görkəmli şair və yazıçılar, tənqidçilər formalaşmışdır. Mətbuat və incəsənət sahəsində də böyük uğurlar əldə olunmuşdur. Qazanılan nailiyyətlər, həmçinin bölgənin zəngin tarixi və mədəni irsi, nadir təbiət və memarlıq abidələri, müasir infrastrukturların yaradılması bu sahədə həyata keçirilən tədbirlər və digər amillər turizmin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.

Sənaye, kənd təsərrüfatı, nəqliyyat, sosial və mədəniyyət sahələrində əldə olunan nailiyyətlərin faktiki və dəqiq materiallar əsasında təqdim edildiyi monoqrafiyanın sonunda müəllif belə bir nəticəyə gəlmişdir ki, son 25 ilə yaxın bir dövrdə Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişafa nail olmuş, həyatın bütün sahələrində - iqtisadi inkişafda, sosial həyatda, mədəni quruculuqda çox böyük dəyişikliklər baş vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ümummilli lider Heydər Əliyev siyasi kursuna və siyasətinə sədaqəti, bu siyasətin Naxçıvanda uğurlu tətbiqi sahəsində məqsədyönlü fəaliyyəti, qətiyyətli mövqeyi, əzmkarlığı, mükəmməl idarəetmə bacarığı və yenilikçiliyi sayəsində inkişafın “Naxçıvan modeli” formalaşmış, inkişafdan intibaha doğru sürətli yol təmin edilmişdir. Nəticədə, muxtar respublika bu illər ərzində ölkəmizin ən qabaqcıl və inkişaf etmiş bölgələrindən birinə çevrilmiş, 1995-2019-cu illərdə yüzillik inkişafa bərabər bir yol keçmişdir.

Naxçıvan Muxtar Respublikasının tarixinə aid çox dəyərli monoqrafiya, kitab və məqalələrin müəllifi olan akademik İsmayıl Hacıyevin yaradıcılığında muxtar respublikanın müstəqillik dövrü tarixinin öyrənilməsi xüsusi mərhələ təşkil edir. Bu sahədə çox məhsuldar yaradıcılıqla məşğul olan alimin zəngin materiallar əsasında gərgin əməyi hesabına hazırlanaraq elmi dövriyyəyə daxil edilmiş yeni monoqrafiyası, fikrimizcə, akademik İsmayıl Hacıyevin böyük uğurudur. İnanırıq ki, Naxçıvanşünaslıq elmi xəzinəsinə çox sanballı bir töhfə olan və Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü tarixinə işıq salan bu əsər muxtar respublikanın ictimai və mədəni həyatı ilə əlaqədar nəşr olunmuş əsərlər sırasında öz layiqli yerini tutacaq, tədqiqatçılar, bütövlükdə, Naxçıvanın müstəqillik dövrü tarix və mədəniyyəti ilə maraqlananlar üçün qiymətli bir vəsaitə çevriləcəkdir. Dəyərli monoqrafiya münasibətilə müəllifi təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Hacıfəxrəddin Səfərli
AMEA Naxçıvan Bölməsinin müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: