Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, Şahbuz rayonunun ərazisində xeyli tarixi və arxeoloji abidələr var. Həmin abidələrin hər biri xalqımızın keçmişini öyrənmək üçün əvəzsiz mənbədir. Uzaq keçmişin izlərini, yadigarlarını özündə yaşadan, zamanın ruzigarına bu günə kimi sinə gərən hər bir abidənin özünəməxsus sirri, sehri var. Qədim memarlıq nümunələri olan abidələrin hər biri öz orijinallığı ilə seçilir. Rayon ərazisində olan arxeoloji abidələrdən biri Kolanı nekropoludur. Eyniadlı kəndin yaxınlığında, Naxçıvançayın sol sahilində e. ə. I minilliyin əvvəllərinə aid olan bu arxeoloji abidə 1986-cı ildə qeydə alınıb. Abidədə sal daşlardan qurulmuş 16 daş qutu qəbir öyrənilib. Qəbirlərin torpaq örtüyündən və içərisindən xeyli çəhrayı gil məmulatı, tunc silah və bədii tərtibatda hazırlanmış bəzək şeyləri (boyunbağı, üzük, sırğa, bilərzik, muncuq, düymə, quş fiqurları və s.) obsidian (dəvəgözü) lövhələr, ox ucluqları, əqiq və balıqqulağından hazırlanmış muncuqlar aşkar edilib. Son Tunc və ilk Dəmir dövrlərinə aid bir daş qutu qəbirin yan hörgü daşları üzərində sxematik şəkildə çəkilmiş atlı rəsmi və müxtəlif piktoqrafik işarələr sənətkarlıq xüsusiyyətlərinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir. Naxçıvan ərazisi üçün səciyyəvi olan, Xocalı-Gədəbəy mədəniyyət abidələrində analogiya tapan həmin tapıntılar Şahbuz rayon Tarix-Diyarşünaslıq muzeyində və Naxçıvan Dövlət Tarix muzeyində saxlanılır.
“Oğuz səsi” qəzeti