Şuşanın gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb - VİDEO
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Şuşanın gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Facebook" səhifəsində etdiyi paylaşımla məlumat verib.
“Şuşa təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzidir. Şanlı Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Şuşanın gəzməli-görməli yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşudbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki “Çətir şəlaləsi”, XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunur.