Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa Qarabağın döyünən qəlbidir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır.
Şuşanın azad edilməsi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Qarabağın incisi Şuşa” adlı elektron məlumat bazası hazırlayıb.
Kitabxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elektron məlumat bazası “Tarixi”, “Görkəmli şəxsiyyətləri”, “Mədəni irsi”, “Qarabağın incisi – Şuşa”, “Kitablar”, “Məqalələr”, “Azərbaycan Milli Kitabxanasının nəşrləri”, “Videoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazasında Qarabağın tarixi, Şuşa şəhəri və onun inzibati quruluşu, mədəniyyət abidələri haqqında kitablar, məqalələr, fotolar, videolar və digər sənədlər təqdim olunur.
Yerləşdirilən materiallar tam mətni ilə təqdim olunub.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/D.QARABAQ/ linkindən istifadə edə bilərlər.