“Tariximizi qoruyaq və yaşadaq” aksiyasında məktəblilər 463 eksponat topladı

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilən aksiyada toplanan eksponatlar Mədəniyyət Nazirliyinə təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov şagirdlərə muxtar respublikamızın qədim tarixi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərlərinin öyrədilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, ötən tədris ilindən ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ hesabına “Naxçıvan tarixi”nin tədrisinə başlanılıb. Bu da şagirdləri qədimliyi saxlanılmaqla müasirləşən Naxçıvanımız haqqında daha dolğun məlumat toplamağa, eyni zamanda onları tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi araşdırmağa sövq edir.

Nazir vurğulayıb ki, aksiyanı keçirməkdə əsas məqsəd tariximizin öyrənilməsi ilə yanaşı onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirmək, onlara qədim maddi-mədəniyyət nümunələrini toplayaraq muzeylərin zənginləşdirilməsi işinin vətəndaşlıq borcu olduğunu aşılamaqdır.

Aksiya təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 463 eksponat müəllim və şagirdlərimiz tərəfindən toplanaraq bir araya gətirilib.

Təhsil naziri bu aksiyanın 2020-2021-ci tədris ilində də davam etdiriləcəyini, ümumtəhsil məktəblərində maddi-mədəni irsimizin qorunması baxımından əhəmiyyətli tədbirlərin müntəzəm olaraq keçiriləcəyini bildirib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış etdikdən sonra  Kəngərli rayonunun Xok kənd tam orta məktəbin direktoru Zal Rüstəmovun, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Ayla Allahverdiyevanın çıxışları dinlənilib.

Aksiyada fəal iştirak edənlər  “Ən fəal Təhsil Şöbəsi”, “Ən fəal məktəb”, “Ən fəal müəllim”  və “Ən fəal şagird” nominasiyaları üzrə diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub, tarixi əhəmiyyət daşıyan məmulatlar Təhsil Nazirliyi tərəfindən Mədəniyyət Nazirliyinə hədiyyə edilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: