“Yallılar dünəndən bu günə” kitabının təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasında təşkil olunan təqdimat mərasimində Mədəniyyət naziri Natəvan Qədimova bir zamanlar Naxçıvanda yallının 100-dən çox növü olduğuna diqqət çəkib. “Bu gün Naxçıvanda mövcud olan yallılarımızın araşdırılması, tədqiqi və təbliği istiqamətində təqdirəlayiq tədbirlər həyata keçirilməkdədir”,- deyən nazir  bildirib ki, 2018-ci ilin noyabr ayında “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi muxtar respublikamızda aparılan mədəni siyasətin bəhrəsi, tükənməz milli sərvətimiz olan xalq yaradıcılığının təbliği ilə bağlı tarixə yazılan mühüm uğurdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xalq yaradıcılığına diqqət və qayğısı bu uğurun əsas təminatçısıdır.

Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 24 dekabr tarixli “Şərur yallıları haqqında” Sərəncamı xalq yaradıcılığının, xüsusilə yallılarımızın araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından böyük qayğının daha bir ifadəsidir. Adı çəkilən Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Şərur yallılarının reyestrinin aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində komissiya yaradılıb. Həmin komissiya tərəfindən bu günə kimi reyestrə 94 yallı növü daxil edilib.

Diqqətə çatdırılıb ki, bəzi yallıların ifası məqamından fotoşəkillərin və notlarının verildiyi “Yallılar dünəndən bu günə” kitabında qədim Naxçıvan diyarında ifa olunmuş 94 yallı haqqında məlumat öz əksini tapıb. Həmin məlumatlar əsasında oxucular yallıların forması və bədii xüsusiyyətləri ilə yanaşı, yaranma tarixi və musiqi analizi haqqında da məlumat əldə edəcəklər. Yallılar haqqında məlumatların Azərbaycan, ingilis və rus dillərində təqdim edildiyi kitabın məziyyətlərindən biri də haqqında bəhs edilən yallıların bir neçəsinin videoyazısından ibarət kompakt diskin nəşrin üz qabığına əlavə edilməsidir.

Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, kitabın rəyçisi Yaşar Xəlilovun və “Şərur” Xalq Yallı Ansamblının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın çıxışları olub.

Qeyd olunub ki, dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirir.

Bu gün muxtar respublikada 40-dan çox yallı ifa edilir. Həmin yallıların ifasında və yaşadılmasında “Şərur” Xalq Yallı Ansamblının rolu böyükdür.

Təqdimat mərasimində kitaba əlavə edilən DVD diskdəki bir neçə yallının video nümayişi olub, sonda isə “Yallılar dünəndən bu günə” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.

                                                                                     Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: