Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihənin növbəti siması Azərbaycan pedaqoqu, əlifba islahatçısı, mətbuat tarixçisi, publisist Fərhad Ağazadədir. O, 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olub. Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olub.
Fərhad Ağazadə 1900-cü ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra Xaldan, Şuşa, Gorus, Gəncə məktəblərində müəllim işləyib. 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirib, rus-müsəlman və “Səadət” məktəblərində çalışıb. Fərhad Ağazadə deyirdi: “Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır”.
Ərəb qrafikasının latın qrafikası ilə əvəz edilməsində böyük xidmətləri olub. Mirzə Fətəli Axundzadədən sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirilir. “Azərbaycan” qəzetinin ən fəal yazarlarından biri idi və məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı.
Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində böyük xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. Onun yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də aktuallığını itirməyib.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində bu bölgədə doğulmuş və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi Qarabağın məşhur müəllimlərini yad etməkdir.