Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası fransız dilində çap edilib - FOTOLAR

A- A A+

Qarabağın azad olması, qələbə münasibətilə ilk növbədə Azərbaycan xalqını təbrik edirəm. Belə bir vaxtda Üzeyir Hacıbəylinin kitabının Fransada işıq üzü görməsi azad Şuşada onun azad dolaşan ruhuna böyük hədiyyədir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tərcüməsindən ibarət olan kitab Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri AZƏRTAC-a Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli-Buşe dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası və mahnılarının tərcüməsindən ibarət kitabın işıq üzü görməsindən danışarkən deyib.

Bildirib ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim etməkdən çox şaddır. Kitab bəstəkarın qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə olunub. O, qardaşının əsərinin Fransada tanınması üçün bu operettanı fransız dilinə tərcümə edib. Bu ölkədə yaşayan müsəlmanlara təqdim etmək niyyətində olub.

“Bu operettanı fransız dilinə tərcümə etmək çox çətindir. Bu ədəbi tərcümə deyil, adaptasiya edilmiş versiyadır. Operettanı təqdim etmək niyyətində olduğuna görə onu adaptasiya edərək tərcüməsini yazıb. Operettanın xronologiyası tam şəkildə tərcümə edilməyib. Ancaq operettanın əsas hissəsi tərcümə edilib. Həmçinin bəzi mahnıların sözləri fransız dilinə tərcümə edilib və kitaba daxil olunub.

Operettanın çap maşınında yazılmış tərcüməsi var idi. Bir gün Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə söhbətimiz zamanı ona bu tərcümə haqqında danışdım. Həmin tərcüməni səfirliyə və ya Üzeyir Hacıbəylinin muzeyinə vermək istədiyimi bildirdim. Söhbət zamanı bu tərcümənin kitab şəklində dərc edilməsi fikri yarandı və onu fransız nəşriyyatı tərəfindən çap etdirilməsi qərarına gəldik”,-deyə P. Hacıbəyli-Buşe diqqətə çatdırıb

Qeyd edib ki, Azərbaycan səfirliyinin dəstəyi ilə kitab Şuşanın azad edildiyi gün nəşriyyata təqdim edilib.

Paskal Hacıbəyli-Buşe deyib ki, bu kitab Azərbaycan musiqisinin fransızlara tanıdılmasında böyük rol oynayacaq.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli tərəfindən tərcümə və adaptasiya edilmiş “Arşın mal alan” kitabı 1876-cı ildən fəaliyyət göstərən “Hermann” nəşriyyatı tərəfindən çap edilib. Səfir Rəhman Mustafayev və Paskal Hacıbəyli-Buşe kitaba “Ön söz” yazıblar. Müqəddimədə Üzeyir Hacıbəyli və “Arşın mal alan” operettası haqqında ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: