Ömrün rəngləri –Həmzə Sadiqov - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əməkdar rəssam Həmzə Sadiqovun yaradıcılığına həsr olunan eyniadlı tədbir Naxçıvan Dövlət Rəsm Qalereyasında baş tutub.
Qalereyanın direktoru Hökumə Məmmədli muxtar respublikamızda sənət adamlarına, o cümlədən, rəssamlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, Naxçıvanda yaşayıb-yaradan, dəsti-xətti ilə seçilən, təbiətlə təmasdan usanmayan əməkdar rəssam Həmzə Sadiqovun yaradıcılığında “Kənd yolu”, “Ağbulaq”, “Ulu dağlar”, “Əlincəçay vadisi” və digər mövzulara həsr olunan əsərlərdəki, milli ruh və milli kolorit rəssamın dərin yurd, Vətən sevgisini təcəssüm etdirir. Eyni zamanda portret, mənzərə, natürmort, kompozisiyalar, Naxçıvan etüdləri rəssamın peşəkarlığından və zəngin yaradıcılıq dünyasından xəbər verir. Əsərlərindən ibarət fərdi sərgilərin keçirilməsi isə rəssamın yaradıcılığına olan diqqət və qayğıdan irəli gəlir.
Tədbir iştirakçıları rəssamın əsərlərindən ibarət sərgi ilə tanış olub. Sərgidə rəssamın “Qarabağ Azərbaycandır” əsəri isə maraqla qarşılanıb.
Rəssam Həmzə Sadiqov sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Adilə Səfərova