Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb - VİDEO
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Kəlbəcərin gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımla məlumat verib.
“Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş potensiala malikdir. Bu gün düşməndən azad olunan Kəlbəcərin gəzməli-görməli yerlərini təqdim edirik”, - deyə Fuad Nağıyev qeyd edib.
Çarxda Kəlbəcərin gəzməli-görməli yerləri, o cümlədən Azərbaycan Albaniyasının dünya əhəmiyyətli nümunələrindən “Xudavəng” monastır kompleksi və Gəncəsər məbədi, VII-VIII əsrlərə aid edilən Kəlbəcər rayonunda dağ qalaları içərisində ən əzəmətlisi hesab olunan Lev qalası, orta əsrlərə aid edilən müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələr, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə müalicəvi suları, bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganə olan İstisi bulaqları, uzunluğuna və dərinliyinə görə seçilən çayları haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan və Şuşanın gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub.
Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ videoçarxların hazırlanması nəzərdə tutulub.