“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 26 ölkə və bölgənin təmsilçilərinin qatıldığı müsabiqənin qalibi ukraynalı Natalya Papazoğlu olub. İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yeri tutub.
Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Polşa və digər ölkələrdən təmsilçilər iştirak ediblər. Qalibləri 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı Gəlin”in ifasına görə verilib.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda, yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanıb.
Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.