Qədim yurdumuz Naxçıvan bəşər sivilizasiyasının ən qədim ərazilərindəndir. Bu qədimliyi sübut edən tarix və mədəniyyət abidələridir ki, bununla da xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığı təsdiq olunur.
Naxçıvanın abidələri həm bu qədim yurdun tarixi keçmişini özündə yaşadır, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlərin çoxluğuna görə əsas turizm məkanlarından birinə çevrilib.
Qədim Naxçıvan Şərqlə Qərb arasında mühüm karvan yolları üzərində yerləşdiyindən müxtəlif mədəniyyətlərlə geniş əlaqədə olmaqla yanaşı, həm də xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir.
Karvan yolları üzərində yerləşən maddi-mədəniyyət nümunələrindən biri də Fərhad evi adı ilə tanınan arxeoloji abidədir. Bu təbii daş evi yurdumuzun ilk memarlıq abidələri sırasına aid etmək olar.
Naxçıvan Muxtar Respublikasının ən ucqar dağlıq rayonu sayılan Şahbuzun ərazisində yaşı minilliklərlə ölçülən tarixi-memarlıq abidələrinin zənginliyi bu əraziyə çoxlu turist cəlb edir. Biçənək kəndindən şərqdə, Batabat yaylağında Fərhad evi adlı abidə də qiymətli memarlıq nümunəsi kimi qorunmaqdadır. Bu möhtəşəm memarlıq abidəsi Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təqribən 1 km şərqdə yerləşir. Aparılan tədqiqatlar Fərhad evi abidəsinin e. ə. I minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Tarixi İpək yolunun üstündə qurulan Fərhad evi tacirlərin dincəlməsi və gecələməsi üçün istifadə olunub.
Bu gün yolu Şahbuza düşən hər bir turist Fərhad evini də görməyə can atır. Fərhad evi liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Otaqlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılıbdır. Divarların dibində isə səkilər yonulubdur. Fərhad evinin axırıncı otağının tavanında havanı tənzimləmək üçün baca açılıbdır.
Giriş qapısının hündürlüyü 2,2 m, eni 1,5 m-dir. Birinci otağın sağ küncündə quyu və ocaq yeri var. Burada divarlara baxanda ocaq hisləri müşahidə edilir ki, bu da buranın uzunmüddətli yaşayış məskəni olduğunun sübutudur. Giriş hissə, yəni birinci otaq təqribən 2 m enində, 3 m uzunluğundadır.
Fərhad evinin qapısının sağındakı qayanın üzərində uzun saçlı kişi başı, solunda isə qadın rəsmi həkk olunubdur. Qayanın şimali-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 m hündürlükdə uzunluğu 5 m, eni 80 sm, dərinliyi 30 sm olan səki qazılıbdır. Səki boyunca 3 sətirlik qədim mixi yazısı həkk olunubdur. Oxunmaz vəziyyətə düşmüş yazıda bu abidənin nə zaman və hansı sənətkar tərəfindən yaradıldığı barədə məlumat olduğu güman edilir. Yaxınlıqdakı kurqantipli abidənin üzərindəki vişap isə oğurlanıbdır. Bu təbii daş evin qapısının da daşdan olduğu, sonradan mənfur ermənilər tərəfindən sökülüb aparıldığı qeyd edilir.
Əsrlərin yadigarı olan bu abidənin içərisinə nəzər yetirdikdə otaqların heyrətamiz zəkaya və böyük fiziki gücə malik bir insan tərəfindən ustalıqla yonulduğu aydın olur. Dəqiq və düzgün hesablamalarla qurulan və həndəsi fiquru xatırladan otaqlarda insanların rahat gecələməsi üçün bir çox ünsürlər nəzərə alınıbdır.
Qədimdə Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Batabat yaylağındakı Fərhad evi də elə buna görə dayanacaq məntəqəsi kimi istifadə edilib. Batabat yaylağında Fərhad evi adı ilə tanınan dayanacaq məntəqəsi orta əsrlərdə Naxçıvan-Batabat yolu ilə gediş-gəlişin çoxluğundan xəbər verir.
Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara da tikilib. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırıb.
Batabat aşırımındakı Fərhad evi Şəki, Qarabağ, Naxçıvan, Təbriz İpək yolu üstündə yerləşib və ticarətlə məşğul olan insanlar üçün mehmanxana rolunu oynayıbdır. Fərhad evindən buradan keçən karvan əhli yayın istisindən və qışın soyuğundan qorunmaq üçün istifadə edib. Bu da onun karvansara kimi istifadə olunması fikrini gücləndirir.
Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılıb. Fərhad evinin qədim zamanlarda fərqli adlarla adlandırıldığını tarixi qaynaqlarda da görmək olur. Son olaraq qeyd edim ki, abidənin “Fərhad evi” adlandırılması ilə bağlı olaraq el arasında rəvayət və əfsanələr dolaşır ki, onlardan biri böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı “Fərhad” adlı qəhrəman ilə bağlılığıdır. Fərhad öz sevgisi üçün dağları yarıb yol açıb. Xalq belə böyük bacarıq və səbir hesabına başa gələn sənət əsəri yaradan sənətkara hörmət əlaməti olaraq bu abidəyə “Fərhad evi” adını verib.
Azərbaycanın memarlıq inciləri mədəniyyətində daş abidələri dedikdə ilk ağıla gələn məhz Fərhad evidir. Minilliklərin sınağından çıxmasına baxmayaraq öz möhtəşəmliyini hər zaman qoruyub saxlayır. Təqribən 2000 il yaşı olan Fərhad evi Qafqazda nadir sənət abidələrindən sayılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" sərəncamı bütünlükdə abidələrin qorunmasını elmi əsaslarla təşkil etməyə imkan verib.
Həmçinin tarixi dəyərlərimizi qorumaq bir vətəndaş olaraq hər birimizin borcudur. Çünki şanlı tariximizlə yaşıd olan dəyərlərimiz həm bizim keçmişimiz, həm də gələcəyimizdir. Bir millət öz tarixinə və tarixi dəyərlərinə nə qədər sahib çıxsa, o qədər də varlığını davam etdirəcəkdir. Hər bir xalqın qədimliyi, ululuğu onun abidələrində yaşayır. Əcdadlarımızın bizə yadigar qoyduğu abidələri bərpa etmək, gələcəyə keçmişi aparmaq, xalqımızın ənənələrini və tarixini qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Ülkər Həsənzadə
Naxçıvan Dövlət Universitetinin
“Bələdiyyə və turizm” kafedrasının müəllimi