Tarixi abidələr əvəzsiz sərvətimizdir

A- A A+

Tarixi mənbələr göstərir ki, Culfa qədim Naxçıvanın mühüm əhəmiyyət kəsb edən şəhərlərindən biri olub. Culfanın şəhər kimi əsas üstünlüyü onun yerləşdiyi ərazidən daha çox asılı olub. XV əsrdə Culfa şəhərinin iqtisadi yüksəlişi başlayıb, XVI əsrin ikinci yarısında o, beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi şöhrət qazanıb. Çox da böyük olmayan bu şəhər (15-20 min əhalisi var idi) Avropa-Asiya ipək ticarətinin iri birja və anbar yeri olub.  Culfa Böyük İpək Yolu üzərində yerləşdiyindən və beynəlxalq ipək ticarətinin inkişafı ilə əlaqədar olaraq XVI əsrdən şəhər kimi təşəkkül tapıb. XVI əsrdə, qısa bir zamanda Culfanın şəhərə çevrilməsinə baxmayaraq, o bəhs edilən dövrdə Səfəvilər dövləti ərazisində ölkə əhəmiyyətli Azərbaycan şəhərləri arasında ticarət və sənətkarlığın iqtisadi mərkəzlərindən sayılan Təbriz, Gəncə, Ərdəbil və sair şəhərlərlə bir sırada dururdu. Bu da təsadüfi deyildi. Çünki Səfəvilər dövründə Naxçıvan bölgəsinin əsas ticarət yolları, demək olar ki, Culfa şəhərindən keçirdi. Digər tərəfdən bu dövrdə şəhərin iqtisadi imkanlarının artmasında burada yaşayan tacirlərin böyük rolu olub. Müxtəlif şəhərlərlə sıx ticarət əlaqələri aparan bu iş adamları xam ipəyi istehsal olunduğu yerlərdən - Şamaxı və Gilandan alır, sonra isə onu Qərbi Avropa və Şərq ölkələrində satırdılar. Buna görə də şəhərin iqtisadi əhəmiyyətini nəzərə alan I Şah Təhmasib onu 1545-ci il fərmanı ilə xas torpaq fonduna keçirib.

Səyyah və tacirlərin qeydlərindən məlum olur ki, şəhər XVI əsrin 80-90-cı illərində xeyli inkişaf etmişdi. 1603-cü ildə burada olmuş alman səfiri Tektonder şəhərin möhkəm qala divarlarının olması, hər evdə səhərə kimi şamların yandırılması və sair haqqında məlumat verib. Səfirin qeydlərindən göründüyü kimi o zaman Culfa güclü müdafiə olunan qala olmuş, evlər dəbdəbəli tikilmiş, əhali zəngin həyat tərzi sürmüşdür.

XV-XVI əsrlərdə Naxçıvan Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin hakimiyyəti altına keçib, XVI əsrdə isə Azərbaycan Səfəvi dövlətinin tərkibinə daxil olub. Orta əsr Azərbaycan şəhərlərindən - Naxçıvandan, Bakıdan, Şamaxı və Təbrizdən çıxmış bədii sənət ustaları nəinki öz Vətənlərində, onlar hətta Asiya, Hindistan və Yaxın Şərqin  Səmərqənd, Dehli, Herat, Məşhəd, Bağdad, İsfahan və sair kimi mühüm şəhərlərin nadir tikililərinə də dəvət olunurdular.

Səfəvilərin hakimiyyəti dövründə memarlıq xeyli inkişaf etmişdi. Culfa rayonundakı  Əlincə çayı üzərində salınmış, xalq arasında "Qozbel körpü" adı ilə tanınan Qazançı körpüsü, Ləkətağ körpüsü, Gülüstan kəndində Araz çayı üzərində salınmış Şah Abbas körpüsünün qalıqları, bir çox karvansaraylar və başqa tikililər  bu dövrün yadigarlarıdır.

Böyük karvan yolu üstündə iri dayaq məntəqəsi yaradılmasının bir örnəyi də Gülüstan körpüsüdür. Bu körpü Araz çayının üstündə karvan yolu istiqamətinə uyğun salınıb. Qırmızı qumdaşından əhəng məhlulu ilə tikilən körpünün sahil dayağı doğrudan da körpünün inşaat texnikasının yüksək olmasından xəbər verir. Teymurun tarixçisi Şərafəddinin bu təsvirini araşdırıcılar Gülüstan körpüsünə aid edirlər. O yazırdı: “Yonulmuş daşdan tikilmiş, sarsılmaz möhkəmliyi olan yastı və düz körpü dünya körpülərinin ən gözəlidir. Daşların gözəlliyi, möhkəmliyi və düzümü bütün memarları təəccübləndirir”.

Gülüstan  yaxınlığında iki karvansaray qeydə alınıb. Culfa  karvansarayının Azərbaycan karvansarayları içərisində ən möhtəşəm abidə olduğu müəyyən edilib. Karvansaray çay daşından tikilmiş və gəc məhlulu ilə suvanmışdır. Çoxlu sayda yaşayış otaqları və iki böyük zalı vardır. Bəzi otaqların və zalların örtük hissələri maraqlı konstruktiv quruluşa malikdir.

Gülüstan türbəsi də memarlıq baxımından diqqəti cəlb edir. Bu türbənin kitabəsi olmadığı üçün inşaat tarixi məlum deyildir. Üslub xüsusiyyətlərinə görə türbənin XII əsrdə tikildiyi ehtimal edilir. İki mərtəbədən ibarət olan Gülüstan türbəsinin aşağı mərtəbəsi sərdabə vəzifəsini görürmüş, yuxarı mərtəbə əsas etibarı ilə buraya memorial tikinti mahiyyəti verməyə məxsus bir quruluşdur. Başqa oxşar türbələrdən fərqli olaraq Gülüstan türbəsinin əsas xüsusiyyəti orasındadır ki, burada sərdabə yerin səthindən yuxarıda yerləşir. Türbənin xarici görünüşü də başqa türbələrdən fərqlənir. Aşağı hissəsi kvadrat, yuxarı hissəsi on iki bucaqlıdır. Türbənin həndəsi naxışları Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əsərlərindəki həndəsi naxışlarla oxşardır.

Rayonumuzun Xanəgah kəndində, Əlincə qalanın ətəklərində yerləşən türbə də tarixi baxımından çox əhəmiyyətlidir. Kitabənin mətninin tərcüməsi belədir: Kitabənin tarix yazılan hissəsi sınıb itdiyi üçün onun nə vaxt yazıldığını və abidənin inşa tarixini dəqiq təyin etmək mümkün olmayıb. Ancaq kitabədən aydın olur ki, günbəz "Ən böyük sultan, Sultan CahanşahBahadur xan zamanında" inşa edilib. Məlumdur ki, Qaraqoyunlu hökmdarı "Həqiqi" təxəllüsü ilə şeirlər yazan Cahanşah 1435-1467-ci illərdə hakimiyyətdə olub. Deməli, günbəz onun hakimiyyəti zamanı qeyd olunan illər arasında inşa edilib. Bu kitabə Azərbaycanda üzərində Qaraqoyunlu hökmdarı Cahanşahın adı qeyd olunmuş yeganə epiqrafik sənəddir.

Tarixi mənbələrdən göründüyü kimi, Culfa XV əsrdən başlayaraq mədəniyyətin hər bir sahəsində olduğu kimi memarlıq sahəsində də yüksək nailiyyətlər əldə edib, yaratdığı memarlıq incilərini bugünümüzə qədər qoruyub saxlayıbdır.

Qeyd etmək yerinə düşər ki, ulu əcdadlarımızdan bizə miras qalmış bu memarlıq  inciləri baxımsızlıq ucbatından dağılır, yararsız hala düşürdü. Ölkəmiz müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi tarix-mədəniyyət abidələrimizin qorunması və onlara yeni həyat verilməsi də diqqət mərkəzinə çəkildi. İndi dünyaşöhrətli arxeoloji və mədəni abidələrlə zəngin olan muxtar respublikamıza gələn hər kəs son illərdə burada yaradılan şəraitə, tarixi abidələrimizə göstərilən dövlət qayğısına heyranlığını gizlədə bilmir. Bu sahədə rayonumuza da xeyli pay düşüb. Xanəgah Abidələr Kompleksi, Əlincəqala və Gülüstan türbəsi bərpadan sonra özünün ikinci həyatını yaşayır. Bu səbəbdəndir ki, rayonumuzun tarixi abidələrini ziyarət edən turistlərin də sayı ilbəil artmaqdadır. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, son 3 ildə rayonumuzun bu tarix-mədəniyyət abidələrini ziyarət edənlərin sayı 15 mini ötüb. Bura  gələn turistlərdən bir neçəsinin fikirləri ilə tanış olmaq maraqlıdır.

Bakı şəhərindən muxtar respublikamıza qonaq gəlmiş bir qrup jurnalist "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyinin "Rəy və təkliflər kitabı"na öz təəssüratlarını yazıb: "Vətənimizin bir parçası olan qədim Naxçıvanı görmək, onu duymaq-bundan gözəl hiss ola bilərmi? Gözəl, möhtəşəm, dünyəvi sərvətimiz olan Əlincəqalanı qoruyub saxlayan əllər var olsun. Böyük məmnunluq hissi ilə Bakıya qayıdırıq. Bir daha bu müqəddəs diyara qayıtmağı diləyirik". Muzeydə ekskursiyada olmuş Azərbaycan Silahlı Qüvvələrinin "N" sərhəd diviziyasının şəxsi heyəti adından zabit A.Əsədov yazır: "Təəssüratlarımız çox yüksək səviyyədədir. Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin verilməsi  baxımından əvəzolunmaz bir tarixi abidədir. Biz sərhədçilər babalarımızın igidliyi qarşısında baş əyirik. Müstəqil  Azərbaycanımızın çiçəklənməsinə öz töhfələrimizi verəcəyimizə and içirik!" Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu "Əl Fəcr" qəzetinin baş redaktoru Şərif Əl Bəsil "Əlincəqala" Tarix-Mədəniyyət Muzeyində olarkən öz təəssüratlarını belə qeyd edibr: "Əlincəqaladakı müdafiə dastanını dinləyəndən sonra bildim ki, bu xalqın öz tarixi ilə qürurlanmağa haqqı var. Abidənin bərpası onun qorunması ilə bərabər, Əlincəqalaya turistlərin ziyarəti üçün də əlverişli imkan yaradıb. Bu işlər, çox mühüm işlərdir".

Gülüstan türbəsinin möhtəşəmliyinə və zərifliyinə heyranlığını gizlətməyən tur-aksiya iştirakçısı Səbinə Ağalarova yazır: "Mən neçə illərdir ki, məktəblilər arasında keçirilən rəsm müsabiqələrində iştirak etmişəm. Hər dəfə də bu və ya digər mükafatlara layiq görülmüşəm. Bu dəfəki mövzum öz zərifliyi və memarlıq xüsusiyyətləri ilə ruhumu oxşayan Gülüstan türbəsi olacaq. Ümid edirəm ki, yaradacağım bu əsər mənim şah əsərim olacaq".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: "Gələcək keçmişin üzərində qurulmalıdır. Keçmiş  isə tarixi abidələrdə yaşayır. Naxçıvanda vaxtilə əcdadlarımız tərəfindən möhtəşəm abidələr yaradılmışdır. Bu abidələr xalqımızın daşlarda yaşayan tarixi və pasportudur. Bu mənada hər bir abidənin tədqiqi və bərpası tarixin bir dövrünün və xalqımızın qədim həyat tərzinin öyrənilməsi, üzə çıxarılması deməkdir".

 

Şəmil Hacıyev

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: