“Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsinin qalibləri məlum oldu - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən rəsm müsabiqəsinin mükafatlandırma mərasimi Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil olunub.
Çıxış edənlər vurğulayıb ki, Azərbaycan ordusunun qazandığı qələbənin arxasında Ali Baş Komandanın sarsılmaz qətiyyəti və xalqla ordunun birgəlik nümayiş etdirməsi, cəsur igid oğullarımızın yüksək vətənpərvərliyi dururdu. Bu cür müsabiqələrin təşkil edilməsi gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi və şəhidlərimizin əziz xatirəsini daim uca tutub gələcək nəsillərə çatdırmaq kimi ən ali bir vəzifəni daşıyır.
Müsabiqədə 26 müəllifin 40 rəsm əsəri nümayiş olunub. Rəsm əsərlərində vətənpərvərlik hisslərinin tərənnümü və şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti əks olunub. Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Türkan Əsədova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İnci Qənbərova müsabiqənin qalibi olublar. Naxçıvan Dövlət Universitetinin tələbəsi Fərqanə Seyidova, Naxçıvan Tibb Kollecinin tələbəsi Ruhanə Bədirova II, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülnarə Kərimova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Elnur Tağıyev III, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Könül Kazımlı isə həvəsləndirici yerə layiq görülüblər.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Gənclər və İdman Nazirliyinin və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan müsabiqənin qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif hədiyyələr və diplomlarla təltif olunub.
Səadət Əliyeva