NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci ilin iyun ayında start verilən onlayn “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinin qalibləri müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təbliği, xüsusi istedada malik insanların axtarışı və onların üzə çıxarılması, unudulmaqda olan milli-mənəvi dəyərlərin tədqiq edilməsi və ictimaiyyətə təqdim edilməsi, muxtar respublika ərazisindəki abidələrin və muxtar respublikanın ayrı-ayrı bölgələrinin tanıdılması məqsədi daşıyır.
Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşları ilə yanaşı muxtar respublikanın müxtəlif bölgələrinin sakinlərinin də qatıldığı bu sosial layihəyə müxtəlif formatda ümumilikdə 44 layihə qəbul edilib.
Ekspertlər tərəfindən qiymətləndirmə aparılıb, 12 layihə yekun baxışına qəbul edilib.
Məmmədov Səyyar Həbib oğlunun “Şax bəzəmə” filmi, İbrahimova Aidə Vahid qızının “Bədii tikmələr” videomaterialı, Canbaxşiyev Səməd Canbaxış oğlunun “Kosabəzəmə” folklor nümunəsi, Abbasova Elnurə Yadulla qızının “Azərbaycan milli musiqi alətləri: tulum” videoslaydı və Əzizəliyev Nizami Qurban oğlunun “Daşişləmə” analitik təhlili layihənin qalibləri olub. Qaliblər Nazirliyin diplomları ilə təltif edilib.