Qədim zamanlardan "Odlar Yurdu" adlanan, Şərq dünyasını Avropa ilə birləşdirən Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan Respublikası Cənubi Qafqazın ən böyük ölkəsidir. Əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi Azərbaycan 300 min xristianın, o cümlədən rus və gürcü pravoslavları, slavyan molokanları, Roma katolikləri, alman lüteranları, baptistlər və digər dini icma nümayəndələrinin doğma yurdudur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Niderlandın "Diplomatik Magazine" jurnalında dərc edilmiş "Azərbaycanın xristianlıq dünyasına töhfələri" adlı məqalədə yer alıb. Məqalədə bildirilir ki, Azərbaycan ölkə daxilində olduğu kimi, beynəlxalq miqyasda da xristian dini abidələrinin qorunub saxlanmasına böyük töhfələr verib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu İtaliya, Fransa, Rusiya və dünyanın bir sıra digər ölkələrində xristian dini irsi nümunələrinin bərpası sahəsində çoxsaylı nəcib layihələr həyata keçirib. Buna misal olaraq Fondun İtaliya və Vatikanda reallaşdırdığı layihələrindən - Müqəddəs Pietro və Marçellinio, eləcə də Müqəddəs Sebastian katakombalarının, "I Papa Leonun Hun İmperatoru Atilla ilə görüşü" barelyefinin bərpası haqqında söz açılır. Azərbaycanın İslam və xristian dünyasının bir araya gətirilməsinə xüsusi önəm verdiyi vurğulanan məqalədə qeyd edilir ki, ölkəmizin Fransa, Küveyt, Oman və Mərakeş ilə birlikdə Parisin Luvr Muzeyində İslam Sənətinə həsr olunmuş yeni bölmənin yaradılmasının maliyyələşdirilməsində iştirakı bu baxımdan diqqətəlayiqdir. Ümumilikdə həyata keçirdiyi layihələrlə Azərbaycan xristianlığa və onun mənəvi xəzinələrinə hörmətini nümayiş etdirir. Diqqətə çatdırılır ki, Papa Francis 2016-cı ildə Bakıya səfəri zamanı Azərbaycanın tolerantlığını və multikulturalizmini yüksək qiymətləndirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.