Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ədəbi məktəbin bünövrəsini qoymuş böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı Sərəncam imzalayıb.
Mirzə Əbdülrəhim Talıbov yazır: “Həqiqi alimlərin ömür və zəkalarının, həyat təcrübələrinin və ağır sınaqlarının məhsulu olan kitablar əbədi olaraq bütün bəşəriyyətin ixtiyarına verilmişdir. Hər kəs bu süfrədən istədiyini götürə bilər”. Bu mənada, insana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunun aşılanmasına kömək edən və oxunması zəruri olan bəşəri kitablardan biri də Azərbaycanın dahi şairi Şeyx Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (Bakı: “Lider nəşriyyat”, 2004, 264 səh.) adlı əsəridir.
Azərbaycanı qədim bir diyar, həmçinin qədim və zəngin mədəniyyətə sahib olan bir xalq kimi dünyaya tanıdan şərqşünas tədqiqatçılar Nizami Gəncəvini əbəs yerə “Türk məsnəviçilərinin ən böyük ustadı” (V.Bartold), “Ruhşünas şair” (akademik S.F.Oldenburq), “Nadir bir düha” (professor E.Broun), “İnsanın şəxsiyyətini bütün dəyərləri ilə bəzəyən şair” (Y.Bertels), “Təqlid və nəzirə qaynağı” (A.Krımski) kimi ali rütbələrlə tərənnüm etmirlər.
Nizami Gəncəvinin hər bir əsərinin obyekti insandır. Göstərir ki, Tanrı hələ “Ol!” (Kun!) əmri ilə kainatı yaratmaq ərəfəsində İnsanı düşünmüş, kainatı İnsan üçün xəlq etdiyini qərarlaşdırmışdır. Buna görə də, Nizami insanın və insana məhəbbətin hər şeydən qədim, qocaman və əzəli olduğu fikrini aşağıdakı kimi ifadə edir:
Eşqi bizdən öyrənib, bu göy pərgardan öncə,
Öncə xəlq olunanlar, sonrakılar da, məncə.
Qoyan biz deyilikmi eşqin bünövrəsini?
Yalnız biz yemədikmi sevginin silləsini?
Nizaminin fikrincə, İnsan kainatın əşrəfidir və əslində Tanrı kainatı İnsanın şərəfinə ərmağan etmişdir. Ay, Günəş, bütün səyyarələr və bütün nemətlər İnsana xidmət naminə xəlq olunub. Buna görə də, insanı təbiətin nazlı yavrusu adlandırmaq olar. Qurani-şərifin “ət-Tin” surəsinin dördüncü ayəsində deyilir: “Biz insanı ən gözəl biçimdə yaratdıq!”. Buna görə, insan bütün xilqətlərdən daha kamil olması münasibətilə nəcib, xeyirxah, humanist olmalı, özündən aşağı pillədə duranların hamısı qarşısında məsuliyyətini, cavabdehliyini daim dərk etməlidir. İnsan bütün flora, fauna aləmini, bütün təbiəti sevib qorumağa, yaşatmağa borcludur. Onun başlıca məziyyətlərindən biri cəmiyyəti kamilləşdirmək və təbiətlə cəmiyyət arasında üzvi ahəngdarlıq yaratmaqdan ibarətdir.
O gün ki, xəlq olundu bizim surətlərimiz,
Dərhal ayırd edildi dürlü qismətlərimiz.
Əzəldən söz verdiyin din uğrunda, get, çalış,
İşləməklə nə dövlət, nə də ruzi çoxalmış.
İstəsən ki, olasan hamıdan əziz insan,
Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan.
Göründüyü kimi, insanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami insanı öz adına layiq olmağa çağırır: öz ömrünü, varlığını yalnız böyük və nəcib əməllərə, xeyirxah, bəşəri qayələrə həsr edənlərin Tanrı xəzinəsində inci kimi yaşamağa layiq olduğunu bildirir.
Ey kamalı, tədbiri xilqətlərə hökm edən!
Ayağı baş tacına dürr olan, gövhər verən!
Şahsan, şah qəsri istə, qoy görsün dünya səni,
İncisənsə, ara, bul Tanrı xəzinəsini.
Nizami Gəncəvi yazır ki, Tanrı kainata, təbiətə və bəşəriyyətə nur (Əzəli nur) paylayan zaman İnsan oğluna həmin gövhərdən və ya nurdan daha çox pay vermişdir. İnsan oğlu da bu gövhərdən daha çox bəhrələnmişdir. Çünki başqa canlılardan fərqli olaraq ona idrak qüvvəsi verilmişdir. Bununla yanaşı, yalnız mənəvi üstünlük, idrak adlı misilsiz töhfə deyil, həm də insana cismani üstünlük verilib. Buna görə də insan canlıların şahı sayılır və bütün xilqətlər üçün məsuliyyət onun boynuna düşür.
Tanrının xəlq etdiyi ilkin əzəli nurdan,
Hamıdan çox pay alan sənsən, özünsən, inan.
Cahan – sənin öz evin, sən – bu evin açarı,
Səninkidir bu bağın hər barı, hər nubarı.
Əzmin, böyüklüyünlə tutmusan yer üzünü,
Qürur yaraşır sənə, ver irəli köksünü.
Kainatda hər şeyin insan üçün yarandığını deyən Nizami Gəncəvi qeyd edir ki, insan öz zəka gücü sayəsində ulduzları köhlən at kimi yəhərləyib çapa bilər. Deməli, bütün kainat onun hökmündə, iradə və ixtiyarındadır.
Neçə yəhərli atın bizik süvariləri,
Səyyar ulduzlar hazır yalnız bizdən ötəri.
İnsanı bütün canlıların tacı və tacidarı adlandıran Nizami göstərir ki, İnsan kainatda öz müstəsna rolu ilə fəxr edə bilər. O zamana qədər fəxr edə bilər ki, nəfsinə əsir düşməsin. Maddi aləmdən dördəlli yapışmasın.
Mülk həvəsindən əl çək, sənə qürur gətirər,
Dəbdəbələr kölgəsi heç məgər nur gətirər?
Nizami nəfsinə hakim olanları çevik insan adlandırır. Mütəfəkkir alimin fikrincə, cismani və mənəvi hüsnün atributlarından biri çeviklikdir. Yalnız nəfsini cilovlamağı bacaran, dünya yükünü çiyninə götürməyən pak nəfəsli, pak cövhərli insanlar çevik və ruhən qanadlı olurlar.
Sakit axan su kimi yaşamağı seç peşə,
Yüngül suyun qiyməti ağır olur həmişə.
Bədən gözəllik tapır yalnız çevikliyilə,
Ruhun yüngüllüyündən can dönür qızılgülə.
Ancaq nəfsini cilovlaya bilməyənlər, dünya yükünü özünə yük edənlər Qaf dağı kimi ağırlaşıb öz yerində qalır, çevik, ruhən qanadlı insanlar isə ruzigar kimi azad və sərbəst dolaşırlar. Nizami belə insanları kainatın mənəvi hökmdarı adlandırır.
Yüngül əsən rüzgarlar dolaşır hər iqlimi,
Ağırlar öz yerində qalır Qaf dağı kimi.
Tikan olma, aldanma qızılgülün hüsnünə,
Önə bax, bənövşə tək baş əymə öz köksünə.
Nizami Gəncəvi zalımlığın, zülmkarlığın, qəddarlığın, qanlı imperiyaların baş alıb getmə səbəbini insanın tamahında görür. Əlindən yaxşılıq gəlməyən insanın qüsurunu onun özündə, “pis xislət”ində görür və yeri gəldikcə, canlının öz təbiətindən irəli gələn imkanlarını da nəzərdən qaçırmır – deyən Nizami Gəncəvi mahir psixoloq kimi çıxış edir. İnsanlar arasında baş verən saxtalığın, natəmizliyin, lovğalığın, paxıllığın, bədməcazlığın, yemək dostu olmağın, ədalətsizliyin, nakişiliyin, şəhvət arxasınca qaçmağın, düşmənçiliyin, vəfasızlığın, xəbisliyin, bəd nəfisliyin və sair mənfi halların yaranmasını qeyd etdiyimiz kimi tamahkarlıqda görür.
Heyhat, dünyadan köçdü ağzından dür saçanlar,
Bal süfrəsi yerində eşşək arıları var.
Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf,
Namərdlik ucbatından insandan qaçır insan.
Hanı ülfət, mərifət? İtib, tələf olubdur,
İnsanlar qalırsa da, insanlıq məhv olubdur.
Əxlaq tərənnümçüsü Nizami Gəncəvi insanda düzlük, cömərdlik, saf münasibət görmək istəyir, ancaq bu cür insanların Süleyman peyğəmbərin dünyasında qaldığını göstərir.
Dünya uzaq düşübdür Süleyman dünyasından,
Sanki qeybə çəkilmiş gerçək insan, ər insan.
İnsan tərbiyəsinin böyük təbliğatçısı olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri insan əxlaqının paklığı, saflığı, təmizliyi və təkmilləşdirilməsi haqqında mükəmməl bir dərslik kimi istifadə olunmalıdır – desək yanılmarıq. Ümumiyyətlə, dinimizdə, elmi-fəlsəfi fikrimizdə qanunlaşan insan əxlaqının saflaşdırılması ideyası Nizami yaradıcılığında başlıca keyfiyyət kimi təzahür edir. Nizami deyir ki, sən dünyaya insan kimi yaşamaq üçün gəlmisən. Nizami Gəncəvi bir tərəfdən insanı əşrəf hesab edərək, elmlə birlikdə onu ən yüksək xilqət sayır, “onun tərəqqiyə bais olduğunu" söyləyir, digər tərəfdən mühitin də ona təsir göstərdiyini şərh edirdi. İnsanın qüdrət və qüvvətinə inam, həmçinin tərəqqidə insanın mövqeyi, mühitin insana bəd və xoş təsir bağışlaması Nizami yaradıcılığında tərbiyə mövzusunun leytmotivini təşkil edir. Əsərdə Nizami Gəncəvi insanlığı kiçik və böyüklükdən, hökmdar və nökər, rəiyyət və əmir və i.a. kimi silk və imtiyazlara baxmayaraq hamıya şamil edir. Tərbiyə insanı yalnız cəmiyyət içərisində müşərrəf olmağa deyil, bütün mötədil və xoşəxlaqlığa sövq edir – deyən Nizami Gəncəvi tərbiyənin qüdrətinə böyük inam bəsləyirdi. Bir sözlə: Nizami Gəncəvi insan tərbiyəsinin sonsuz olduğunu söyləyərək onun anadan olduğu bir gündən ta qəbr evinədək davam etdiyini göstərir.
Yekun olaraq qeyd edək ki, Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsəri ilə oxucusuna insana xidmət bayrağı daşımağı tövsiyə etmiş, yırtıcı ehtiraslara kölə olmamağı məsləhət bilmişdir. Bu mötəşəm əsəri ilə əxlaq çeşməsi Nizami Gəncəvi insan şəxsiyyətinə, insan inkişafına və tərbiyəsinə sanki himn bəstələmişdir.
Kamal Camalov
Naxçıvan Müəllimlər İnstitutu, pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü