ICESCO-nun Baş direktoru: İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mədəni irsinin məhv edildiyini gördük, bunu edənlər məsuliyyətə cəlb olunmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik söyləyib.
O deyib: “Təşkilatımıza üzv hər bir ölkə bizim üçün vacibdir. Biz bu il üzv ölkəmiz olan Azərbaycanın qələbəsini qeyd edirik. Azərbaycan dost və qonaqpərvər ölkədir. Bura yalnız dəstək və qələbəni qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün gəlmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilənlər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir”.