Rəssam Həmzə Sadiqov və Nəsrulla Musayev əsərlərini muzeyə hədiyyə etdi - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev tərəfindən muzeylərə hədiyyə edilən rəsm əsərlərinin təqdimatı keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada incəsənətin digər sahələri kimi, rəssamlıq sənətinin də inkişafına böyük dövlət qayğısı göstərildiyini bildirib. Qeyd olunub ki, muxtar respublikada rəsm festivalları keçirilir, istedadlı gənc rəssamların rəsm əsərlərindən ibarət sərgilər təşkil olunur, tanınmış rəssamların əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Yaradıcı insanlar yaradılan şəraitdən istifadə edərək muzey və digər ekspozisiyaların  zənginləşdirilməsində yaxından iştirak edirlər.

Vurğulanıb ki, tanınmış rəssamlar, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev müxtəlif illərdə portret və mənzərə janrlarında yağlı boya ilə kətan üzərində yaratdıqları 16 rəsm əsərini muzeylərə hədiyyə ediblər.  Onlar arasında yazıçı Mir Cəlal Paşayevin və Ağa Məhəmməd Hadinin portretləri, “Qarabağ Azərbaycandır”, “Əshabi-kəhf”, “Əlincə vadisi”, “Şahbuz mənzərəsi”, “Adana dağları”, “Yun darayan qadınlar”, “Bizim həyət” və digərləri dəyərli eksponatlar kimi  diqqəti cəlb edir. Nazir hədiyyə olunan rəsm əsərlərinə görə Həmzə Sadiqova və Nəsrulla Musayevə təşəkkür edib.

Natəvan Qədimova muzeylərə rəsm əsərlərini təqdim edən hər iki rəssamın yaradıcılığına qısa nəzər salıb, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və rəssam Nəsrulla Musayev çıxış edərək hədiyyə etdikləri rəsm əsərlərinin tarix və mədəniyyətimizin saxlanc yeri olan muzeylərdə layiqincə mühafizə olunaraq gələcək nəsillərə çatdırılacağına əmin olduqlarını, bundan sonra da muzeylərlə əlaqələri davam etdirəcəklərini bildiriblər.

Sonda hədiyyə olunmuş rəsm əsərlərinin sərgisinə və Naxçıvan Dövlət Rəsm Qalereyasının ekspozisiyasına baxış keçirilib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: