Azərbaycan rəssamlığının səməndər quşu

A- A A+

Bu dünyadan, bu yerlərdən üzü tutqun, qaşları çatılmış, həssas ruhlu, kövrək qəlbli bir insan keçdi. Qalın qara qaşları, qara bığları dəyirmi sifətinə yaraşarmış. Deyilənə görə, gülüşü də kədərli imiş onun… Dövrünün sayılıb seçilən sərkərdələrini, xanlarını, bəylərini yetirən Kəngərlilər nəslindən olan böyük rəssam  Bəhruz bəy Kəngərli... O, rəsmlərin əksəriyyətini kömürlə işlədi. Ailəsinin maddi ehtiyacını ödəmək üçün “Naxçıvan yadigarı” albomunu hazırlayıb Naxçıvana gələn qonaqlara, yerli əhaliyə satdı.  Azərbaycanın ilk realist rəsamı, ilk peşəkar teatr rəssamı, ilk sərgi mədəniyyətinin yaradıcısı, milli rəssamlığımızda realist dəzgah boyakarlığının, portret və mənzərə janrının banisi, ilk avtoportretin yaradıcısı, “Molla Nəsrəddin” jurnalının baş rəssamı, vaxtilə ona rəssamlığın sirlərini öyrədən Osqar Şmerlinqin portretini yaradan ilk rəssam kimi tarixə yazıldı adı.

1892-ci ilin yanvarında qədim Naxçıvan torpağında bir körpə dünyaya göz açdı.  Şirəli bəy oğluna Şəmil (Bəhruz) adını verdi. Lakin Tiflisdə oxuyarkən Bəhruz  adını, ləqəbini götürdü. Mənası “xoş gün” olsa da, taleyi ilə təzad təşkil edib bu ad.

Anası Əziz xanım Bəhruzu dünyaya gətirdikdən 2 ay sonra vəfat etdi. Şirəli bəy 1900-cü ildə Şirin xanımla ailə həyatı qurdu. Bəhruzu öz doğma övladı kimi sevdi, ona mükəmməl tərbiyə verdi Şirin xanım. Lakin uşaqlıqdan keçirdiyi ağır xəstəlik  ömrü boyu bir səsə, bir hənirtiyə həsrətlə yaşamasına səbəb oldu Bəhruzun. Bu səbəbdən oxuduğu rus-tatar məktəbindən, təhsildən uzaqlaşdı bir müddət. Həmin çətin anlarda Şirəli bəy oğluna həm də müəllimlik etdi, Bəhruz kitab və jurnallardakı şəkilləri kağıza köçürməklə sirli, soraqlı rənglər aləminə daxil oldu. Beləcə rəssamlıq ən sevimli məşğuliyyətinə çevrildi.

Sonralar oğlunun bu istedadını görən Şirəli bəy “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edən Məmmədəli Sidqi və yazıçı–publisist Eynəli bəy Sultanovun  məsləhəti ilə Bəhruzu Tiflisə göndərdi. Tiflis mühitində gürcü rəssamları Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, heykəltəraş Yakov Nikoladze, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edən Oskar Şmerlinq kimi müəllimlər ona peşəkar rəssamlıq prinsiplərini, Avropa mədəniyyətinin nailiyyətlərini aşıladılar. Hələ tələbə ikən 1914-cü ildə Naxçıvan şəhərində gənc rəssam həyatında uğurlu başlanğıc olan ilk fərdi sərgisini təşkil etdi. Bir il sonra isə vətəninə qayıtdı.

Cəmi 30 illik həyatında yaratdıqları ilə cismani yoxluğundan sonrakı əbədi var olacaq həyatını qazandı Bəhruz Kəngərli. Qısa ömründə çoxlarının gözündə adi görünən mənzərələrə əbədi həyat verdi. Bütün əsərləri Naxçıvanla bağlı oldu.   Naxçıvanın təbiəti, insanları onun zəngin yaradıcılığının məhək daşına döndü.

Ölməz rəssamın illər əvvəl müxtəlif texnikalarda yaratdığı tək əşyalı natürmortlar, portretlər, Naxçıvanın əzəmətli dağlarının əks olunduğu mənzərələr, abidələr,  yüzlərlə boyakarlıq və qrafika əsərləri indi adını daşıyan muzeyin divarlarından boylanır bizə sarı. Bəhruz Kəngərli əsrlərlə yaşı olan o etüd çantası ilə təbiətin qoynuna çıxdı, o fırça ilə, o boyalarla yaratdı Naxçıvanın əzəmətli dağlarını, adi bir yarpağı da sevgi ilə vəsf etdi və öz dövrünün aynası olmağı bacaran sənətkar oldu.

Ömrü boyu səsə həsrət qalan rəssamın hər əsərindən bir səs eşidilir indi. “İmamzadə”, “Nuhun qəbri”, “Şəhər məscidi”, “Qızlar bulağı”, “Nəhəcir dağı”, “Əshabi Kəhf dağı”,  “Dükanda”, “Çoban sürü ilə”, “Kəndli oraq ilə” süjetli kompazisiyaları və daha neçə-neçə rəsmlər Bəhruz sənətinin əbədiyaşarlığından danışır.

Naxçıvanlıların etnoqrafik xüsusiyyətlərini əks etdirən, “Naxçıvan gözəli”ndə naxçıvanlı qadınların o dövrdəki geyimi, zər zibası, yaradıcılığında çoxfiqurlu yeganə kompozisiya olmaqla bərabər, həm də sulu boya ilə işlənmiş ən böyük formatlı əsəri olan “Naxçıvan toyu”nda o dövrün toyları, habelə  “Elçilik” əsərində elçi getməklə bağlı milli adət-ənənələrimiz o qədər təbii və canlı bir şəkildə təsvir edilib ki, dövr, zaman, nəsillər dəyişsə də, nə qədər müasirləşsək də, məhz  həmin rəsmlər hər zaman yaşadacaq bu adət-ənənələrimizi.

 “Qızılgüllər”, “Mavi dolça”, “Mürəkkəb qabı”, “Çıraq”, “Naxışlı Mis cam” natürmortlarında gözoxşayan forma və biçimə malik olan, estetik tutumu ilə yaddaqalan gözəllikləri tamaşaçıya çatdırıb böyük rəssam.

Yaradıcılığında portret janrı xüsusi önəm daşıyıb. İrili-xırdalı zəngin portretlər qalereyası yaradaraq müasirlərinin obrazlarını tarixin yaddaşına köçürüb Bəhruz Kəngərli. Yurdundan-yuvasından didərgin düşənlər, onun tablolarındakı insanlar canlı qəhrəmandırlar. Bu günümüz üçün tarixi önəm daşıyan “Oğlan portreti”, ”Qaçqın qız portreti”, “Qadın portreti”, “Oturmuş qız”, “Qoca kişi portreti” əsərlərindəki obrazların hər birinin- üst-başı yırtılmış, ayaqyalın, yurdsuz-yuvasız qalan o qaçqın qadının, o qaçqın qızın, o qaçqın oğlanın, qaçqın İmranın üzündə bir kədər, bir həsrət var- YURD HƏSRƏTİ. Rəssam isti ocaqlarından perik düşmüş soydaşlarını ya evinə, ya da emalatxanasına gətirdi, yedizdirdi, geyimlər  verdi, sonra da şəkillərini çəkdi... 1918-1921-ci illərdə Ermənistandakı dədə-baba yurdlarından qovulub Naxçıvana pənah gətirən qaçqın soydaşlarımızın portretlərini yaddaşımızın oyaq qalması üçün işlədi və mənfur düşmənlərimizin tarix boyu başımıza gətirdikləri müsibətlərin bədii salnaməsini yaratdı.   

O, bir rəssam kimi Naxçıvan Teatrında da böyük xidmətlər göstərdi. Buradakı tamaşalara milli koloritdə zəngin səhnə tərtibatı verdi, tamaşaların ruhunu əks etdirən, forma və məzmun vəhdətilə seçilən dekorasiyalar, müxtəlif rəng çalarlarında gözəl pərdələr, geyim eskizləri və səhnənin cazibəsini artıran pannolar hazırladı.

Bəhruz Kəngərli fırçası ilə tarix yazdı. “İmamzadə türbəsi”, “Mömünə xatın türbəsi”, “Naxçıvanda məscid”, “Naxçıvanda abidə” əsərlərində tarixi abidələrimizi yaşatdı. Nuh yurdundakı Nuhun məzarına isə 6 əsər ithaf etdi.  Təsadüfi deyil ki, sonrakı dövrlərdə Nuh peyğəmbərin məzarının olduğu yerin müəyyən olunmasında tədqiqatçıların araşdırmaları ilə yanaşı rəssamın bu əsərləri də  mühüm rol oynadı.

Və  həyatın dəyişməz qanunu olan ölüm  ulu Nuh yurdunun ölməz rəssamını 1922-ci ilin fevralında, soyuq bir qış günündə, yaradıcılığının çiçəklənən dövründə   apardı bu dünyadan. Bəhruz Kəngərli elə Nuh peyğəmbərin məzarının yaxınlığında, Naxçıvan şəhər İmamzadə Kompleksinin olduğu ərazidə dəfn edildi.  Bununla da o çox sevdiyi, həmişə yaşar olmasını istədiyi abidələrə qovuşdu. Özü də bir abidəyə döndü. 1989-cu ildə görkəmli fırça ustasının məzarı üzərində Xalq rəssamı Hüseynqulu Əliyevin hazırladığı heykəli ucaldıldı. İndi bu məzar, bu yer sənətsevərlərin ziyarətgahına çevrilib. Hər doğum və xatirə günündə müasirləri onun ətrafıana toplaşaraq Bəhruz Kəngərlini anır, onu yad edirlər. Ölməz rəssam isə əhatəsindəki insanlardan ucada dayanaraq onu ziyarətə gələn davamçılarına, yurdunun insanlarına yaradıcılıq tövsiyələrini verir. Bəhruz buradan baxır qədim Naxçıvan torpağına eləcə məğrur, dik baxışları ilə günü–gündən gözəlləşən, qədim tarixinə yeni həyat verilən abidələrinə qürurla boylanır.  

Bəlkə də Naxçıvan torpağında elə bir rəssam olmaz ki, Bəhruz Kəngərlinin portretini yaratmasın. Bu da səbəbsiz deyil. Çünki Bəhruz Kəngərli Naxçıvanda yaşayıb yaradan rəssamlar üçün ölməz bir ustad oldu. Ustada hörmətini hər  rəssam  bir cür ifadə etsə də, həmin tabloların hamısından ölməz bir rəssam obrazı  boylanır.

Sənətkarın adına doğma yurdunda 2016-cı ildə Rəssamlar Parkı yaradıldı. O gün dünyanın yaxın-uzaq ölkələrindən Naxçıvana gələn sənətsevərlər də böyük rəssamın əhatəsinə toplandı. Bu parkda rəssamın heykəltaraş Rahib Qarayev tərəfindən  hazırlanan  heykəlinin əlində fırça və boyalar var. Hər dəfə buradan keçəndə mənə elə gəlir ki, Bəhruz Kəngərli  heç  ölməyib, əsrlərdir elə hey yaradır Naxçıvanın gözəl mənzərələrini, abidələrini… Keçənləri isə yaratdığı gözəllikləri görməyə, duymağa səsləyir. Mən də baxıram bu gözəlliklərə və qeyri-ixtiyari olaraq şairin bu misraları dilimdə səslənir:

Rənglər dünyasına qərq olan gündən,

O sirli aləmə baxmayıb gendən.

Ömrünü vədəsiz bürüsə də çən,

Yenə hər fəsildə bahardı Bəhruz.

Bu gün sənətkarın yurdu nə qədər müasirləşsə də, vaxtilə onun ecazkar fırçası ilə kətan və kağız üzərində əbədiləşən motivləri tarixi tutuma bələnərək yol gedir sabahlara.

Bəhruz bəy Kəngərli milli rəssamlığımıza verdiyi töhfələrlə hər zaman xatırlanan bir rəssam kimi qiymətini aldı, yaratdıqları ilə əlçatmaz bir zirvədə dayandı. O zirvə rəssamlığın Bəhruz Kəngərli zirvəsi oldu... Belə ki, rəssamın 1958-ci ildə Moskvada, 2002 və 2012-ci illərdə Naxçıvanda, 1947, 2002 və 2012-ci illərdə isə Bakıda əsərlərindən ibarət sərgisi keçirilib.  

“Bəhruz Kəngərlinin bədii irsi xalqımızın milli sərvətidir” deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə Naxçıvanda rəssamın xatirə muzeyi açılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 1971-ci ildən fəaliyyət göstərən sərgi salonuna 2001-ci ildə onun adı verilib. 2012-ci ildə 120 illik yubileyi münasibətilə albom-kataloqu hazırlanıb. 125 illiyi ilə əlaqədar olaraq 2017-ci ildə “Bəhruz bəy Kəngərli taleyi və sənəti” adlı kitab nəşr olunubdur. Naxçıvan şəhərində rəssamın adına küçə var. Yazıçı-şair Tofiq Mahmudun “Uzaqda dağlar görünür” povesti, şair Adil Babayevin “Yarımçıq şəkil” pyesi və neçə-neçə şeirlər, poemalar ona həsr olunub.

Şərur şəhərində Bəhruz Kəngərli adına Uşaq incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəbdə incəsənətin müxtəlif sahələrinin sirlərini öyrənən uşaqlar arasında  Bəhruz Kəngərli kimi rəssam olmaq istəyənlər də var. Deməli, Bəhruz Kəngərli ölməyib, onun yolunu davam etdirənlər olduqca sənətkar da əsərləri kimi əbədiyaşar olacaq.

Bəhruz Kəngərli vəfatından iki il əvvəl işlədiyi avtoportretində  28 yaşından böyük təsvir olunub. Çünki o, yaşca gənc olsa da, yaratdıqları ilə  müdrik  bir insan  oldu.  Məhz buna görə, özündən sonra gələn nəsillər onu “Azərbaycan rəssamlığının səməndər quşu” adlandırdılar. 30 illik ömür, 2000-ə qədər əsər... Nə qədər ki Azərbaycan adlı bir məmləkət var, bu məmələkətin bir qanadı olan Naxçıvan torpağına ilk dəfə üz tutan insanlar mütləq cəmi 30 il yaşamaqla sənət möcüzələri yaradan sənətkarı da soraqlayacaqlar. Bütün dövrlərin rəssamlarının ağsaqqalı, ölməz fırça ustası Bəhruz bəy Kəngərlini...

                                                                     Türkanə Əmoyeva

                                                           “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: