NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlinin doğum günü münasibətilə mədəniyyət və incəsənət nümayəndələri Rəssamlar Birliyindən sənətkarın adını daşıyan Rəssamlar Parkına qədər yürüş edib, burada Bəhruz Kəngərlinin ucaldılan abidəsi önünə qərənfillər düzüblər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi Nizami Alıyev çıxış edərək görkəmli fırça ustasının ömür yolu və fəaliyyətindən danışıb. Vurğulanıb ki, əsərləri ilə novatorluğa yol açmış realist rəssam Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. O, tarixi yaradan rəssam kimi öz tablolarında hər kəsi Naxçıvanın tarixinə aparır. O günlər yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirməklə bu günə dəyərli yadigarlar qoyub. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur.
Səftər Sadiqov