Azərbaycan Turizm Bürosu tərəfindən “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytı istifadəyə verilib.
Dövlət Turizm Agentliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit veb-saytla bağlı bunları qeyd edib: “Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. “WhereisKarabakh.com” veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır”.
İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də “Qarabağ” toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.
Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə “Azerbaijan.travel” platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.