Turizmin inkişafı sahəsində tədbirlər davam etdirilir - FOTOLAR
Son illər Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, turizm sektorunda da inkişaf tendensiyası özünü qabarıq şəkildə göstərir. Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.
Naxçıvan da çoxəsrlik tarixi, mədəniyyət nümunələrinin sayı, qonaqpərvərlik ənənələri və zəngin təbii ehtiyatları ilə əlverişli turizm potensialına malik qədim diyardır. Muxtar respublikamızın turizm potensialından istifadə isə daim diqqət mərkəzində saxlanılan mühüm məsələlərdəndir. Milli mədəniyyət nümunələrinin bərpası ilə yanaşı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr Naxçıvanın turist cəlbediciliyini artıran başlıca amildir. Muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi məqsədilə hazırlanan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaqdadır.
Proqramın icrası 2020-ci ildə də diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mayın 10-da Sahil Parkının, noyabrın 20-də Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binasının istifadəyə verilməsi ilə bağlı tədbirlərdə iştirak etmişdir. Həmçinin muxtar respublikanın qədim tarixini özündə əks etdirən nadir memarlıq abidələrinin qorunması ilə bağlı tədbirlər də davam etdirilmiş, Ali Məclisin Sədri mayın 27-də Şahtaxtı kəndindəki Şərq hamamında, aprelin 15-də Yusif Küseyir oğlu türbəsində aparılan bərpa işləri ilə maraqlanmış, həmin gün Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən muxtar respublikada turizmin inkişafı və perspektivləri, eləcə də turizm marşrutları üzrə bir neçə abidənin daxil edildiyi 4 monoqrafiyanın nəşr olunması bu sahədə elmi fəaliyyətin də davam etdirilməsinin mühüm təzahürüdür.
Dünya ölkələrinin turizm təcrübəsi mühüm bir faktı təsdiq edir ki, yerli xüsusiyyətli mədəni potensialdan tam istifadə edilməsində əsas məqsəd mədəni turizm mənbələrinə maraqlı turistlər üçün təqdim edilən xidmətlərin həm iqtisadi cəhətdən gəlir gətirməsi, həm də bu mənbələrin qorunub saxlanmasıdır. Bəhs edilən mənbələr içərisində milli mətbəx nümunələrinin davamlı nümayişi və turistlərə təqdim olunması çox mühüm əhəmiyyət kəsb etməkdədir. Turizm tədbirləri çərçivəsində iqtisadi dəyər qazandırılan milli mətbəx nümunələrinin davamlı nümayişi, eyni zamanda bu nümunələrin unudulmasının qarşısını alır və gələcək nəsillərə ötürülməsini təmin edir. Qeyd etmək lazımdır ki, tarix boyu özünəməxsusluğu ilə seçilən Naxçıvan mətbəxi, müasir dövrümüzdə də qədim diyarımızı ziyarət edənləri bir daha bu məkana gəlməyə sövq edən ən dəyərli nümunələr sırasındadır. Yenidənqurma və bərpadan sonra mayın 5-də Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilən Naxçıvan şəhər buzaxanasında “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılmışdır. Ali Məclisin Sədri demişdir: “Buzxana abidəsinin tarixi görkəmi qorunub saxlanılmaqla bərpa olunması ona ikinci həyat vermişdir. Abidədə xalqımızın milli dəyərlərinin bir hissəsi olan kulinariya mədəniyyəti yaşadılacaq və təbliğ olunacaqdır…”.
Yeni yaradılmış “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti mayın 12-də vergi orqanlarında rəsmi qeydiyyata alınmışdır. Mərkəz tərəfindən unudulmaqda olan mətbəx nümunələri ilə yanaşı, milli mətbəximizə aid adət-ənənələr və folklor nümunələrinin toplanması işi davam etdirilmişdir. Milli yeməklərimizin təbliğ edildiyi 5 televiziya verilişinin hazırlanmasında iştirak edilmiş və bu yeməklərin hazırlanma qaydaları əyani şəkildə nümayiş olunmuşdur. Dekabrın 10-da Naxçıvan Dövlət Universitetində “Texnologiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Naxçıvanın milli mətbəxi” mövzusunda seminarın keçirilməsi isə gənclərə kulinariya mədəniyyətinin öyrədilməsinin diqqət mərkəzində saxlanıldığından xəbər verir.
Müasir dövrümüzdə bir çox sosial-iqtisadi sahədə mühüm nailiyyətlər əldə etmək üçün məhsulun istehsal olunması ilə yanaşı, onun nümayişi də böyük rol oynayır. Muxtar respublikamızda da turizm məhsullarının təbliği və turistlərin məlumatlılığının artırılması diqqət mərkəzində saxlanılır. Dövlət Proqramının icrası məqsədilə “Naxçıvan Muxtar Respublikasının 2020-ci il üçün Turizm Təqvimi” hazırlanmış və Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. 2020-ci ildə Sahil Parkı Naxçıvan Şəhərinin Turist Xəritəsinə daxil edilmiş, park üçün buklet hazırlanmış, “Naxçıvan Muxtar Respublikasının Bələdçi Kitabı”nın hazırlanması davam etdirilmişdir. Eyni zamanda turizm marşrutlarının bukletləri, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri, Naxçıvan Muxtar Respublikasının Dini Turizm Xəritəsi rus dilinə tərcümə olunmuşdur.
2020-ci il fevral ayının 15-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi “İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu”nda Naxçıvan Muxtar Respublikası təmsil olunmuşdur. Muxtar respublikanın turizm potensialı haqqında simpozium iştirakçılarına geniş məlumat verilmiş, yerli istehsal məhsullarından ibarət hədiyyə paketləri və reklam-informasiya materialları simpoziumda iştirak edən rəsmi nümayəndələrə təqdim edilmişdir. Həmçinin simpoziumda ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilmişdir.
Turizm sektoru üçün müasir dövrün tələbi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə yolu ilə mövcud potensialın ətraflı nümayiş olunmasıdır. Reklam-informasiya materiallarının əhatəliliyi və çeşidliliyi turizm sahəsində təbliğat işini faydalı edən mühüm faktorlardır. Dövlət Proqramının icrasına uyğun olaraq 2020-ci ildə Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkə hesablarına 600-dən çox məlumat daxil edilmiş, 362 mindən çox baxış sayı qeydə alınmışdır. Həmçinin Mərkəzin “Youtube” kanalına turizmlə bağlı 7 videoçarx yerləşdirilmişdir. Mərkəzə müraciət edən 28 nəfərin reklam-informasiya materialları ilə tanışlığı təmin edilmiş, onlara Naxçıvan Şəhərinin Turist Xəritəsi təqdim olunmuşdur. Mərkəzin elektron poçt ünvanına daxil olan 52, “Facebook” sosial şəbəkəsinə daxil olan 33, “İnstagram” sosial şəbəkəsinə daxil olan 56 müraciət aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəz tərəfindən Azərbaycanda və 20-dən çox xarici ölkədə fəaliyyət göstərən 200-dən çox mehmanxana və turoperatorun elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən 12 turizm informasiya mərkəzinə ümumilikdə 5 minə yaxın məlumat göndərilmişdir. Göndərilən məlumatlar içərisində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində müasir infrastrukturun formalaşdırılması, Xizək Kompleksinin yaradılması barədə informasiyanın öz əksini tapması xüsusi diqqətdə saxlanılmış, eyni zamanda Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, sosial şəbəkə hesablarında bölgənin təbliği istiqamətində tədbirlər davam etdirilmişdir.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi Naxçıvan Muxtar Respublikasında kənd turizminin simvoluna çevrilən və bənzərsiz bir ərazidə yerləşən mühüm turizm obyektidir. 2020-ci ildə bölgədə yerləşən 8 hektar ərazidə tinglə, 120 hektar ərazidə isə toxumla yaşıllaşdırma işləri aparılmışdır. Muxtar respublikada kənd turizminin inkişaf etdirilməsi məqsədilə digər bölgələrdə də araşdırma işləri davam etdirilmiş, bu sahə üşün əlverişli əhəmiyyətə malik 26 yararlı kənd evi müəyyən olunmuşdur.
Fevral ayında Ağbulaq İstirahət Mərkəzində ali və orta-ixtisas təhsili müəssisələrinin 120 tələbəsinin iştirakı ilə “Qış Məktəbi” təşkil olunmuşdur. Proqramın icrası məqsədilə digər istiqamətlərdə də ekskursiyalar davam etdirilmişdir. 2020-ci ildə muxtar respublika idmançılarının iştirakı ilə Naxçıvan şəhərindəki muzeylərə, Nəbatat bağına, Qarabağlar Türbə Kompleksinə ekskursiyalar təşkil olunmuşdur. Ali təhsil müəssisələrində təhsil alan 20 əcnəbi tələbə üçün “Welcome to Nakhchivan” və “Naxçıvanı tanıyaq” devizləri ilə Şərur rayonunda yerləşən muzeylərə və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə, piyada marşrutlarınun proqramına əsasən “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün martın 6-da Naxçıvan, dekabrın 8-də Ordubad şəhərinə ekskursiyalar təşkil edilmişdir. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının turizm potensialının təbliği də diqqətdə saxlanılmıdır. Belə ki, Dövlət Proqramının icrası istiqamətində ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə Milli Parkda ümumilikdə 4 ekskursiya keçirilmişdir.
Nəqliyyat və turizm sektorları bir-birinin inkişafını şərtləndirən mühüm sahələrdir. Çünki nəqliyyat sektorunda müasir dövrün tələblərinə uyğun təqdim edilən yeni xidmətlər turizmin canlanmasına, turizmin genişlənməsi isə nəqliyyat sahəsinin inkişafına gətirib çıxarır. Dövlət Proqramında turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2020-ci il elektron taksi xidmətinin fəaliyyət başlaması ilə əlamətdar olmuşdur. Mobil operatorlardan 288 qısa nömrəsinə zəng etməklə sifariş olunan və vahid mərkəzdən idarə edilən xidmətin üstünlüyü sifarişçiyə ən yaxın məsafədən mənzil başına çatmağa zəmanət verməsidir. Yeni fəaliyyətə başlayan xidmət muxtar respublikamıza səfər etmək istəyən turistlər üçün rahatlıq və əminlik vəd etməkdədir. Onu da qeyd etmək lazımdır ki, Proqramın icrası məqsədilə turistlərə xidmət göstərən nəqliyyat vasitələrində xidmətin keyfiyyətinin yüksəldilməsi üçün hazırlanmış tədbirlər planına əsasən sərnişindaşıma fəaliyyəti göstərən taksi və avtobus sürücülərinin muzey günlərinin qrafiki tərtib olunmuş, oktyabr ayından başlayaraq sürücülərin muzeylərə ekskursiyaları təşkil edilmişdir. Həmçinin, sürücülərə muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya materialları paylanmış, xidmət mədəniyyətinin yüksəldilməsi ilə əlaqədar maarifləndirici söhbətlər aparılmışdır.
Turizmin inkişafına təsir edən mühüm faktorlardan biri də bu sahədə mütəxəssis hazırlığının mövcud standartlara uyğun həyata keçirilməsidir. Bu sektorun sosial əhəmiyyəti məşğulluğun təmin olunmasında əsaslı rol oynamasıdır. Turizm sahəsində məşğulluğu təmin edilən şəxslərin ixtisas hazırlığı bu istiqamətdə inkişafa təsir göstərən başlıca amillərdəndir. Dövlət Proqramının icrası istiqamətində 2020-ci ildə “Turizm agenti” ixtisası üzrə peşə kursunu Naxçıvan Şəhər Peşə Liseyində 9, Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 21 olmaqla, ümumilikdə 30 müdavim müvəffəqiyyətlə başa vuraraq təhsil sənədi almışdır. 14 yanvar 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək ictimai iaşə obyektlərində və hotellərdə personalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həyata keçirilən “Peşəkar ofisiant” layihəsi çərçivəsində iştirakçılarla ümumilikdə,12 təlim və praktik məşğələ təşkil edilmişdir. Layihə iştirakçıları üçün sertifikasiya imtahanı keçirilmiş, ən yüksək nəticə göstərən iştirakçılara Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin müvafiq sertifikatı təqdim olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 avqust 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın tətbiqi mövzusunda onlayn seminar, eləcə də “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilmişdir. Bu tədbirlərdə muxtar respublikada fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin və digər turizm sektoru nümayəndələrinin, eləcə də turizm könüllülərinin iştirakı təmin olunmuşdur. Turizm Departamentində yaradılan komissiya tərəfindən oktyabr ayında mehmanxanalarda monitorinqlər keçirilmiş, işçi heyətə nəzəri-təcrübi tövsiyələr verilmiş, məlumatlandırıcı və xəbərdaredici plakat nümunələri təqdim edilmişdir.
Dövlət Proqramının icrasına uyğun olaraq həyata keçirilən tədbirlər bu sahədə uğurların qazanılmasına səbəb olmuşdur. Bu uğurlar deməyə əsas verir ki, qarşıdakı iki ildə muxtar respublikada turizmin inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olacaqdır.