Özbəkistan portalında böyük xanəndə Bülbül və Azərbaycan simfonik muğamları haqqında məqalə yayımlanıb
Özbəkistanın “interpress.uz” portalında böyük xanəndə Bülbül və Azərbaycan simfonik muğamları haqqında rus dilində məqalə çap olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Bülbül və Azərbaycan simfonik muğamlarının yaranması” sərlövhəli məqalədə muğamların Şərqdə makom, muğam, şaşmakom və digər adlarla geniş yayıldığı qeyd olunur. Simfonik muğam isə ancaq Azərbaycanda vüsət alıb.
Yazıda Bülbülün rəhbərliyi altında 1931-1943-cü illərdə fəaliyyət göstərən Elmi-tədqiqat musiqi kabinetinin təşəbbüsü ilə müxtəlif xanəndələrin ifasında muğamlar lentə yazılıb.
Bundan başqa, Bülbül Azərbaycanın rayonlarını kəndbəkənd gəzərək yaddan çıxan muğam və xalq mahnılarını toplayıb, musiqilərə yeni həyat verib.
Məqalədə Bülbülün Məşədi Cəmil Əmirovla dostluğu, onun oğlu Fikrət Əmirovla əməkdaşlığı haqqında da söhbət açılır. Vurğulanır ki, məhz Bülbülün məsləhəti ilə Fikrət Əmirov “Şur” və “Kürd ovşarı” muğamlarının əsasında 1947-1948-ci illərdə eyni adlı simfonik muğamlar yazır. 1948-ci il avqustun 9-da bu simfonik muğamlar ilk dəfə ifa olunur və böyük uğur qazanır.