Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatda deyilir: “Uzun müddətdir ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində müxtəlif mənbələrə istinad edilərək görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirova məxsus musiqi kompozisiyasının erməni bəstəkar Ara Gevorkyanın müəllifliyi altında təqdim edilməsi barədə məlumatlar yayılır.
Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir. Belə ki, Fikrət Əmirovun “Qarabağ inciləri” kompozisiyası kimi hesab edilən rəqs musiqisi Azərbaycan bəstəkarına aid deyil.
Fikrət Əmirovun belə bir adda əsəri yoxdur və sözügedən kompozisiyanın da ona aidiyyəti yoxdur”.