Bəstəkarlar İttifaqı vətənpərvərlik mövzusunda respublika müsabiqəsi elan edib

A- A A+

Azərbaycan Bəstəkarlar İttifaqı “Vətənpərvərlik mövzusunda xor əsərlərinin ən yaxşı ifası” üzrə respublika onlayn müsabiqə-festival elan edib.

İttifaqdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqənin musiqi əsasını bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun xor kollektivləri üçün yazılmış əsərləri təşkil edir. Azər Dadaşov müxtəlif musiqi janrlarında yazılmış çoxlu sayda əsərlərin müəllifidir. Onun yaradıcılığında vətənpərvərlik məzmunlu xor musiqisi, həmçinin Vətənimizi, onun şanlı oğullarını, Qələbə qazanan igid əsgərləri vəsf edən xor mahnıları əhəmiyyətli yer tutur.

Müsabiqə bu ilin 22-26 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək və bəstəkarın 75 illik yubileyinə həsr olunub. Müsabiqədə respublikanın ali və orta-ixtisas təhsili müəssisələrinin, həmçinin musiqi və ümumtəhsil məktəblərinin xor kollektivləri iştirak edə bilərlər.

Müsabiqənin münsiflər heyətinə tanınmış musiqi xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvləri, xormeysterlər daxil ediləcək.

Müsabiqə 2 turda keçiriləcək. Birinci turun proqramına A.Dadaşovun istənilən 3 xor mahnısı daxil edilə bilər, ikinci turun proqramında isə bəstəkarın iki xor mahnısı – “Vətənim var” və “Qızıl dan” mütləq şəkildə ifa edilməlidir.

2021-ci il noyabrın 1-dək müsabiqədə iştirak etmək istəyən xor kollektivləri yalnız onlayn şəkildə qeydiyyatdan keçərək, ifa ediləcək xor əsərlərinin DVD lent yazısını, kollektivin yaradıcılığı haqqında məlumatı, fotoşəkili Azərbaycan Bəstəkarlar İttifaqının [email protected]  email ünvanına təqdim etməlidirlər. Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

Müsabiqənin qalibləri və iştirakçıları üçün pul mükafatları, diplomlar, xüsusi hədiyyələr nəzərdə tutulur. Müsabiqənin mükafat fondu beş min manat təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: