“Diplomat Magazine”: Azərbaycanın sehrli xalçaları - FOTOLAR
Niderlandın “Diplomat Magazine” jurnalında “Azərbaycanın sehrli xalçaları” sərlövhəli məqalə dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib. Bildirilib ki, beynəlxalq səviyyədə məşhur olan Azərbaycan xalçaları Sankt-Peterburqda “Ermitaj”, Londonda “Viktoriya və Albert”, Nyu-Yorkda “Metropoliten”, Parisdə “Luvr” kimi ən tanınmış muzeylərin sərgilərində nümayiş etdirilir. Bu, Azərbaycanın xalçaçılıq sənətinin özünəməxsusluğundan xəbər verir.
Azərbaycan xalçaçılığının yun seçimi, təbii boyalar, müxtəlif toxuculuq metodlarına görə digər ölkələrdən fərqləndiyinin qeyd edildiyi məqalədə onun xalça trendini müəyyənləşdirən ölkə olduğu vurğulanıb.
Yazıda “Qafqaz xalçalarının əsl doğulduğu yer Azərbaycandır və azərbaycanlı xalça toxucularının bacarıq və ideyaları bütün Qafqazda hiss olunur”, - deyə tarixçi və sənətşünas P.R.J.Fordun fikirləri diqqətə çatdırılıb. Azərbaycanda xalçaların gündəlik həyatın ayrılmaz hissəsi olmasının vurğulandığı məqalədə Gəncə-Qazax, Quba-Şirvan, Təbriz və Qarabağ xalçaçılıq məktəblərindən, bu bölgələrə xas ənənələrdən söz açılıb. Ölkəmizdə yun, ipək, qızılı və gümüşü saplardan toxunulan xalçaların xovlu və xovsuz növlərinin olduğu, onların toxunma sıxlığına görə fərqləndiyi xüsusi qeyd edilib.
Azərbaycan xalçasının lüks həyatın, eləcə də incəlik və incə zövqün rəmzi olduğu diqqətə çatdırılıb. Bükülmüş xalçaya bənzəyən Xalça Muzeyində 15 mindən çox xalçanın sərgiləndiyi qeyd edilib.
Məqalədə UNESCO Azərbaycan xalçaçılarını və xalçaçılıq ənənələrini yüksək qiymətləndirdiyi, 2010-cu ildə Azərbaycanın xalçaçılıq sənətini Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil etdiyi bildirilib.
Yazıda Şamaxı, Şirvan xalçalarının fotoşəkilləri də yer alıb.