Naxçıvan teatrının ilk qadın aktrisalarından biri – Xədicə Qazıyeva - FOTOLAR
Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk peşəkar aktrisalarından olan Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyevanın doğum günüdür. O, 1909-cu il fevralın 15-də Rusiyanın Qazan şəhərində anadan olub. Əslən Bakıdan olan həyat yoldaşı ilə ailə qurduqdan sonra Azərbaycanda yaşayıb.
Naxçıvan teatrında uzun illər öz sənət bacarığı, istedadı ilə tamaşaçıların sevimlisinə çevrilən Xədicə Qazıyeva xalq artisti Sofya Hüseynovanın anası, xalq artistləri Rəfael Dadaşovun və Rövşən Hüseynovun nənəsidir. Bu gün Naxçıvanda çox az ailə var ki, üç nəsil bir sənətin davamçılarını yetişdirsin.
Bu ailənin sənət ənənəsinin banisi, təbii ki, Xədicə xanımdır. O, 1920-ci illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktrisalara çox ehtiyac var idi. Ona görə də gənc və gözəl olan Xədicə Qazıyeva teatrda işləmək üçün müraciət edəndə onu məmnuniyyətlə işə götürürlər. Bu istedadlı aktrisanın peşəkarlığı ilk illərdən teatrın truppasının işini xeyli asanlaşdırdı. Çünki uzun illər Bakıdakı teatrda olduğu kimi, Naxçıvan teatrında da qadın rollarını ya kişilər, ya da qeyri-millətlərin nümayəndəsi olan, Azərbaycan dilində danışmaqda çətinlik çəkən qadınlar oynayırdı.
Xatırladım ki, 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verilib. Muxtariyyətin yarandığı ilk illərdə Bakıdan qadın aktrisalar Naxçıvan teatrına dəvət olunurdu. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Məhz həmin vaxtlarda Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. İstedadı ilə seçilən aktrisanın Naxçıvan teatrında ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Edilyanı, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Xumarı oynayıb. Onun oynadığı rolların sayı 150-dən artıqdır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir.
Xədicə Qazıyeva Naxçıvan teatrının 100 illiyi ilə bağlı 1987-ci ildə keçirilən tədbirdə öz xatirələrini tamaşaçılarla bölüşəndə deyirdi: “Mən ömrümün 50 ildən çoxunu bura bağlamışam, yəni 1927-ci ildən bu teatrda işləmişəm. Onda teatrımızın vəziyyəti çox pis idi. Heç teatr binası da yox idi. Klub deyirdilər. Aktyorlar əziyyət çəkirdi. Heç kəs bizə kömək etmək istəmirdi. Səhnəmizdə Azərbaycan qızlarının olmaması isə başqa çətinlik idi. Yaxşı yadımdadır, 1928-ci ildə iki qadın bizə aktrisa kimi işləməyə gəldi. Məhbubə Məmmədova və Telli Əkbərova. Onların teatra gəlişi isə qadın aktrisaların və ümumi truppanın işinə xeyli kömək etdi. Mərhum Səməd Mövləvi 8 Mart-Beynəlxalq Qadınlar Bayramı münasibətilə C. Cabbarlının “Sevil” dramını hazırlamışdı. Tamaşaya baxan qadınlar Sevilin çadrasını Balaşın üzünə çırpdığı məqamda kütləvi şəkildə ayağa qalxıb çadralarını səhnəyə tulladılar. Tamaşadan sonra ərlərindən qorxan bəzi qadınlar gəlib çadralarını apardılar. Amma yenə də xeyli sayda çadra qaldı və onları biz teatrın qarderobuna verdik. Bu bizə çox ürək-dirək verdi, bizi sevindirdi. O zaman teatrın vəziyyəti çox çətin idi. Hər yerə piyada gedib-gəlirdik. Uzaq kəndlərə isə atlara, öküzlərə qoşulmuş arabalarda gedirdik. Yadıma düşəndəki nə qədər əziyyət çəkmişik, nalayiq sözlər eşitmişik, bədənim əsir. Əsəbləşirəm. Amma bugünkü Naxçıvan teatrını görəndə mən cavanlaşıram. Bu gün teatrda işləmirəm, 80 yaşım var, amma əvəzində qızımı-Sofyanı səhnəyə vermişəm...”
1920-30-cu illərdə qadınların teatra aktrisa kimi işləməyə gəlməsi yaradıcılığa da müsbət mənada ciddi təsir etdi. Bundan sonra Naxçıvan teatrında kişi aktyorlarla yanaşı, qadınlar da sənətkar kimi parlamağa başladı. 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını alan Xədicə Qazıyeva teatrın səhnəsində təkcə maraqlı obrazlar yaratmadı, onun yaradıcılığının təsiri ilə bu sənət məbədində bütöv bir aktrisalar nəsli yetişdi. Səhnədə dinamikası, tərəf müqabilini hiss etməsi və ən əsası oynadığı obrazın daxili aləmini açmaq bacarığı onu tamaşaçılarla bərabər sənət yoldaşlarının da sevimlisinə çevirmişdi. Əməkdar artist Xədicə Qazıyeva sənətə o qədər vurğun idi ki, onun bu sevgisi ailəsinə də təsirsiz qalmadı. Xədicə xanımın qızı Sofya da aktrisa olmaq qərarına gələndə bu anasını heyrətləndirmədi. Çünki o, qızının istedadına yaxşı bələd idi. Naxçıvan teatrının səhnəsində 100-dən artıq rol oynayan Sofya Hüseynova (1926-2015) sənətdə qazandığı uğurlarla bunu sübut etdi. Xalq artisti fəxri adına, “Şöhrət” ordeninə sahib oldu. Maraqlı burasıdır ki, Xədicə Qazıyevanın iki nəvəsi-Sofya Hüseynovanın övladları xalq artistləri Rəfael Dadaşov (1946-2020) və Rövşən Hüseynov da nənələrinin sənət yolunu davam etdirdilər.
Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva 1991-ci ildə Naxçıvan şəhərində vəfat edib.
Səməd Canbaxşiyev