28 il işğalda qalan Şah Abbas karvansarası - FOTOLAR
28 il erməni tapdağı altında olan Qarğabazar kəndində bir neçə tarixi abidə yerləşir. Onlardan biri də Qarğabazar karvansarasıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, karvansara 1681-ci ildə Qarğabazar kəndinin mərkəzində inşa olunub. Tarixi tikili kəndin adına uyğun olaraq adlandırılsa da, ona bəzən Şah Abbas karvansarası da deyirlər. XVII əsrin yadigarı olan karvansara ipək ticarəti üçün çox əhəmiyyətli sayılan qədim karvan yolu üzərində yerləşirdi.
Uzunluğu 37,70 m, eni isə 23,67 metrə çatan karvansaranın plan və memarlıq həlli mərkəzdən keçən oxa simmetrik həll olunaraq ümumi konstruksiyaya tabe edilib. Həcm-məkan həllinə də xüsusi diqqət yetirildiyi açıqca hiss olunur. Planda düzbucaqlı şəkildə həll olunmuş karvansara iki böyük ölçülü dəvəlikdən (zal), girişin sağ və sol tərəflərində gözətçilər üçün iki kiçik otaqdan, baş tərəfində isə karvansara sahibi və tacirlər üçün altı ədəd kvadrat şəkilli otaqlardan ibarətdir.
Otaqların qapıları çox da böyük olmayan eyvana açılır. Həmin eyvanı mütənasib "qamətli" iki daş sütun və onları yuxarıdan tamamlayan yarımdairə şəkilli üç ədəd tağbənd bəzəyir. Sütunlar arasında yerləşdirilmiş daş pilləkənlər ümumi həyətlə eyvan arasında əlaqə yaradır. Karvansaranın bütün bağlı otaqları sağ, sol və arxa tərəflərində yerləşdirildiyindən onun mərkəzində üstüaçıq şəkilli geniş həyət yaranır, bu da isti aylarda elə buradaca karvanların təhlükəsiz gecələməsinə imkan verirmiş.
Qarğabazar karvansarasının memarlıq həlli Qarabağın Alban dövrünə məxsus memarlıq ənənələrini yada salır. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır.
1992-ci ildə Qarğabazar kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çeviriblər. Karvansaranın daxilində gəzdiyimiz zaman bunu aydın şəkildə gördük. İçəridə yığılan ot bağlamaları və kəskin peyin qoxusu ermənilərin burada mal-qara saxladığını təsdiqləyir.