3 yaşında səhnəyə gəldi, həyatını Naxçıvan teatrına bağladı, özü anasının, iki oğlu isə onun sənətinin davamçısı oldu...- Xalq artisti Sofya Hüseynova - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “Pərdəarxası” rubrikasında həyatını səhnəyə həsr edən sənət adamlarının ömürlərinin pərdəarxası məqamlarından söz açılır. Rubrikamızın bu dəfəki sayı Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli Sofiya Hüseynovanın 95 illiyinə həsr olunub.

Sofya Həsən qızı İsmayılova 1926-cı il fevralın 17-də Bakı şəhərində anadan olub.  Atası Həsən İsmayılov hərbçi, əslən tatar qızı olan anası Xədicə Qazıyeva isə  Azərbaycan Respublikasının Əməkdar artisti olub. O hərbçi həyat yoldaşı ilə Naxçıvana göndərilir və Naxçıvan teatrının ilk qadın aktrisalarından biri olur. 3 yaşı olanda Sofyanı da  özü ilə teatra aparır. Hələ 3 yaşında Cəfər Cabbarlının “Sevil” tamaşasında balaca Gündüzün sözsüz səhnələrini oynayan qızcığaz Mirhəsən Mirişli, İbrahim Həmzəyev, İsa Musayev, Səməd Mövləvi kimi tanınmış aktyorların yaratdıqları səhnə obrazlarına maraqla baxır. 15 yaşında isə Mir İbrahim Həmzəyev “Fərhad və Şirin” tamaşasında ona ilk rolunu “Ozan qızı” obrazını verir. Bu rolu ilə o, səhnədə həm oxuyur, həm də rəqs edirdi.

Sofya Hüseynova peşəkar aktrisa kimi 1942-ci ildə Səməd Vurğunun “Vaqif” dramında gürcü qızı Tamara obrazı ilə səhnəyə çıxır və cəld, çevik davranışı, zərif, yaraşıqlı, cazibəli görkəmi ilə anası Xədicə Qazıyevadan heç də geri qalmır.     

Lakin sonralar ailəsi Bakıya getməli olur. Sofya xanım 1945-ci ildə qısa müddətlik Zaqatala Dövlət Dram Teatrında çalışır və burada Xalq artisti Məlik Dadaşovla tanış olur, çox keçmir ki, onlar ailə həyatı qurur. 1946-cı ildə oğlu Xalq artisti Rəfael Dadaşov dünyaya gəlir. 1950-ci ildə Məlik Dadaşovdan ayrılaraq  Naxçıvana qayıdır. O bir müddət Araz Dövlət Mahnı və rəqs ansambılının rəqs qrupunun solisti olur. Burada çalışan musiqiçi Maqsud Hüseynovla tanış olan aktrisa ikinci dəfə ailə həyatı qurur. Beləliklə, musiqi və teatr dünyası onun evinə hakim kəsilir. Sofya Hüseynovanın ikinci evliliyindən isə 3 qızı və bir oğlu (Xalq artisti Rövşən Hüseynov) olur. 1955-ci ilin yaradıcılıq mövsümündə naxçıvanlı tamaşaçılar İslam Səfərlinin “Göz həkimi” pyesində onu yenidən doğma səhnədə görürlər. Beləliklə sənətkar ömrünü Naxçıvan teatrına bağlayır. Sonralar Maqsud  Hüseynov da Sofya xanımla birlikdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında  teatrın baş inzibatçısı kimi çalışır. O avtomobil qəzasında dünyasını dəyişir. 42 yaşında ikinci həyat yoldaşını itirən aktrisanın ən yaxın rəfiqəsi Xalq artisti Roza Cəfərxanova olub. 

Ömrünün sonunadək teatrla əlaqəsini kəsməyən Sofya Hüseynovanın Naxçıvan teatrının səhnəsində oynadığı yüzlərlə obraz yaradıcılığına əlvanlıq gətirib. Nələr oynamayıb o bu səhnədə.  S.Vurğunun Xuramanı, Humayı, C.Cabbarlının Sarası, Cavidin Səlması, Üzeyir bəyin Gülnazı, Gülçöhrəsi, S.S Axundovun Zöhrəsi, K.Ağayevanın Tərgülü olan aktrisa daha neçə-neçə rolları ilə yaradıcılıq nailiyyətləri qazanıb. Ölməz sənətkar bir sıra dünya drammaturqlarının  pyeslərinin tamaşalarındakı Kurçinina, Larisa, Diana, Xanuma, Elektra, Nadya və Liananı da  məharətlə oynayıb və böyük tamaşaçı rəğbəti qazanıb. Bu obrazlar içərisində o Larisanı “şah rolu” adlandırıb. Bundan başqa Xalq artisti Mirzə İbrahimovun “Yaxşı adam” komediyasında kişi obrazını da məharətlə canlandırıb və 1997-ci ildə çəkilən “Tale yükü” filmində rol alıb.

Aktrisa anası Xədicə xanımla “Vaqif”, “Qaçaq nəbi”, oğlu Rövşən Hüseynovla isə “Solğun çiçəklər”, “Bahar qızı”, “Hicran” və başqa tamaşalarda rol alıb. Xalq artistinin oynadığı rollar içərisində ana obrazları da var. H.Cavidin “Ana” faciəsindəki Səlma ana, C. Məmmədquluzadənin “Anamın kitabı” dramında Zəhrabəyim, Ostrovskinin “Günahsız müqəssirlər”indəki Kristina ana obrazlarını ustalıqla yaradıb. Sofya Hüseynova sözün əsl mənasında hər bir obrazına bir ana qayğısı ilə yanaşıb.

Tatar, rus və erməni dillərini bilən Sofya xanım gözəl rəqqasə kimi də özbək, hind rəqslərini, Azərbaycanın milli rəqslərini şövqlə oynayar, məlahətli səsi ilə oxuyarmış.  Ən çox sevdiyi yemək piti olub.

Təbiilik və reallıq Sofya xanımın yaradıcılığının əsas xüsusiyyəti olub. 60 ildən artıq davam edən səhnə həyatında o həm tamaşaçı sevgisini, həm də dövlət qayğısını öz üzərində hiss etdi. Gənc yaşlarında Naxçıvanın, sonra isə Azərbaycanın Əməkdar artisti oldu. 1982-ci ildə Azərbaycanın Xalq artisti adı ilə təltif olundu. 1996-cı ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görüldü. 70 illik yubileyi münasibətilə Ulu Öndər H.Əliyev ona bu ordeni şəxsən özü təqdim etdi. 2002-ci ildə prezident təqaüdçüsü oldu. Həyatda qarşılaşdığı bir sıra çətinliklərə rəğmən sənətini davam etdirən Sofya xanım 5 övlad böyüdüb. Keçən əsrin 20-ci illərində anası Xədicə Qazıyeva, 40-cı illərində özü, 60-cı illərində isə oğulları teatrlarımızın səhnələrini bəzədi. Sənəti sevdi, sevdirdi. Sofya xanım ali teatr təhsili olmasa da, istedadı ilə sözünü dedi, sənətə möhürünü vurdu. 65 il sərasər gecəli-gündüzlü bu yolun sarvanı oldu. Səhnədə müxtəlif xarakterlər yaratdı. Bəzən sevindi, bəzən nifrət etdi, bəzən qəhqəhə ilə güldü, bəzən də hıçqırıqları eşidildi. Teatr adlı məbədgahdan şöhrət, hörmət, məhəbbət qazandı və əsl sənət vurğunu, sənət fədaisi oldu. O sənətin də zirvəsinə yüksəldi. Hətta Gürcüstanda Knyangina Eterini oynadığı zaman onu ordakı teatrında saxlamaq istəyiblər. Amma Sofya xanım Naxçıvanı dünyanın heç yerinə dəyişmədi. Naxçıvanda yaşadı, yaratdı və Naxçıvanda dünyasını dəyişdi.

2003-cü ildə anasının vaxtilə ona yadigar qoyduğu teatr məbədgahını o da oğullarına əmanət edərək səhnəyə əlvida dedi. Onların teatrdakı xidmətləri isə milli teatrın tarixində bir nəslin sənət estafeti kimi qaldı. Ömrünün sonunadək teatrı düşünən Sofya Hüseynova 2015-ci il 30 iyul tarixində 89 yaşında dünyasını dəyişdi. Mehriban və səmimi bir insan olan Xalq artisti Sofya Hüseynovanın adı və yaratdığı obrazlar yaddaşlarda əbədi kök saldı.

                                                                            Türkanə Əmoyeva

                                                                           “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: