Özbəkistanda “Nizami Gəncəvi İli”nin rəsmi açılış mərasimi olub - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən dahi şairə həsr olunan silsilə tədbirlərin rəsmi açılış mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə ölkənin elm, təhsil, mədəniyyət xadimləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, digər universitetlərin alimləri, Özbəkistan Milli Elmlər Akademiyası, Yazıçılar İttifaqı, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərləri, jurnalistlər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin foyesində dahi şairə həsr olunan sərgi və kompozisiyanın açılış lenti kəsildikdən sonra iştirakçılara Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən reproduksiyalar, habelə şairin AMM-nin layihəsi ilə yenicə özbək dilində çapdan çıxan əsərləri təqdim olunub. Mərkəzin nəzdindəki rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbir çərçivəsində Qarabağın milli qadın və kişi geyimlərinin nümayişi də iştirakçılarda böyük maraq oyadıb.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin dahi Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları bədii kompozisiya təqdim edilib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar Özbəkistanda da çoxsaylı tədbir və layihənin reallaşdırılacağını qeyd edib. O, Özbəkistan mətbuatında Azərbaycan haqqında elan olunan müsabiqənin bir nominasiyasının “Nizami Gəncəvi Azərbaycan və dünya poeziyasının dahisidir” mövzusunda olduğunu, il ərzində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusunda türk dünyasının nizamişünas alimlərinin iştirakı ilə Daşkənddə beynəlxalq elmi konfransın, mərkəzi sərgi salonunda Nizaminin əsərlərindən ibarət Özbəkistan, Azərbaycan və Türkiyədə saxlanılan miniatürlərin surətlərindən ibarət sərginin keçiriləcəyini bildirib.

S.Abbasov Nizami Gəncəvi irsinin dünyada geniş təbliğ edildiyini, dahi şairin ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə 840 illik yubileyinin, daha sonra Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildə ədibin 870 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. O, Nizami Gəncəvi yaradıcılığı, Nizami və Nəvai arasında ədəbi bağlılıq, dahi şairlərin dünya mədəniyyətinə verdiyi töhfələr barədə məruzə edib.

“Özbəkistan – Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov 2021-ci ilin Azərbaycan və özbək xalqları üçün əlamətdar olduğunu, Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illik yubileylərinin geniş qeyd edildiyini söyləyib. O, hər iki şəxsiyyəti türk dünyasının iftixarı adlandırıb, onların yaradıcılığının gələcək nəsillər tərəfindən öyrənilməsinin vacib olduğunu bildirib. E. Nuriddinov Nizami Gəncəvi şəxsiyyətinin özündən sonrakı şairlərin yaradıcılığına, Azərbaycan-Özbəkistan dostluğuna təsiri barədə də danışıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi, müşavir Elnur Əliyev tədbirə videomüraciətlə qatılaraq nazir Anar Kərimovun iştirakçılara salamlarını çatdırıb, Özbəkistanla əlaqələrə mühüm əhəmiyyət verildiyini söyləyib, Nizami Gəncəvinin bütün türk dünyasının şairi olduğunu qeyd edib.

Elnur Əliyev Mədəniyyət Mərkəzinin layihəsi ilə Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə çevrilməsini tarixi hadisə adlandırıb və bu işi yüksək qiymətləndirib. O, Nizami Gəncəvinin irsinin bütün türk və islam dünyası üçün əhəmiyyətli olduğunu və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.

Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini, şair Qayrat Macid, Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dilçilik və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov, Biruni adına Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Atxambek Alimbekov Nizami əsərlərinin dəfələrlə özbək dilinə çevirmək cəhdlərinin olduğunu, lakin şairin “Xəmsə”sinin tam olaraq özbək dilinə tərcüməsi və nəşri işinin məhz Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən həyata keçirildiyini qeyd ediblər. Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda böyük maraq olduğunu, Daşkənddə dahi şairə abidə ucaldıldığını, onun adını daşıyan Pedaqoji Universitetin fəaliyyət göstərdiyini vurğulayıblar.

Azərbaycanlı türkoloq alim, professor Ramiz Əskər videomüraciətlə tədbirə qoşularaq Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığı, onların ədəbiyyatımıza gətirdiyi töhfələrdən söhbət açıb. O, Şərq dünyasında şeir, poema janrına yeni üslub gətirən Nizaminin “Xəmsə”sinin təkrarsız olduğunu, xalqımızın Nizami kimi böyük şəxsiyyətə malik olmasını xoşbəxtlik kimi səciyyələndirib.

Daha sonra “Nizami Gəncəvi İli” ilə bağlı hazırlanan videomaterial nümayiş etdirilib. Videofilmdə ulu öndər Heydər Əliyevin dahi şairə həsr olunan tədbirlərdə, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami Gəncəvinin dünyanın bir sıra şəhərlərində abidələrinin açılış mərasimlərində iştirakı, “Nizami Gəncəvi İli” ilə bağlı planlaşdırılan tədbirlər öz əksini tapıb.

Özbəkistanın tanınmış makom ustası, dosent Davron Kadırovun Nizaminin əsərlərindən ibarət çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: