Günün şeiri - Bir insan ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün - FOTOLAR
Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. NUHÇIXAN İnformasiya Agentliyi “İstiqlal” ordenli şairin yaradıcılığından bir neçə şeiri oxucularına təqdim edir:
Girov
Bilmirəm, bir ömrü yaşamışammı,
Ya heç yaşamağa başlamışammı?
Bəlkə yüz ilim var hələ qabaqda,
Bəlkə bircə həftəm qalıb o vaxta.
Deyirlər, söz qalır dünyada yalnız,
Gəldi-gedəriyik qalan hamımız.
Deyə bilmişəmmi qalan söz olsun,
Adınla çəkilən filan söz olsun.
Adım Nərimanın adıdır, nə qəm,
O şöhrət qazanıb getdi bu ada.
Şöhrətli bir adı yaşadan mənəm,
Şöhrətsiz olan da mənəm bu dünyada.
Adlar yolumuza çıraq olurlar,
Yolların mənzili kəsə olmayır.
Bir söz qəzasında həlak olurlar,
Bu ömür hər ömrə nəsib olmayır.
Ürəkdir bu eşqlə qaynayıb-daşan,
Sinəmdə çırpınır alışmaq üçün.
Bir insan ömrünü girov qoymuşam
Bir şair ömrünü yaşatmaq üçün.
Azərbaycan
Od ürəkli, od nəfəsli diyarımsan,
Ocağına canım qurban, Azərbaycan!
Əzilsən də, əyilməyən vüqarımsan,
Bu çağına canım qurban, Azərbaycan!
Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban, Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında,
Neçə ölkə od aparır ocağından.
Azadlığın al rəmzi var bayrağında,
Bayrağına canım qurban, Azərbaycan!
Hər uğurun gələcəyə bir yol açır,
Hər dost elə xoş niyyətin işıq saçır.
Hər millətə, hər məzhəbə isti, açıq
Qucağına canım qurban, Azərbaycan!
Başım üstə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan!
Mənim muğamatım
Anam - kəlağayılı bir muğamıydı,
Muğam da doğmaca öz anamıydı.
Anam cəmiyyəti anlatdı mənə,
Muğam da Üzeyiri tanıtdı mənə.
Gördüm, bu yollarda yol göstərən var,
Harda muğam varsa,
Orda Vətən var.
Xana toxuyardın, ay Nabat anam,
Mənim xalı anam, muğamat anam.
Dilin yox,
Ürəyin dilə gələrdi,
Xınalı barmaqlar naxış ələrdi,
Orda ceyran gəzər, cüyür mələrdi.
İpləri kəsərdi, calardı anam,
Sapları sim bilib çalardı anam.
Muğam toxuyardı -
Muğam özüydü,
Bəstəkar özüydü, rəssam özüydü.
Səsi eşidərdi, rəngi duyardı,
Anamın ruhunda rəng oxuyardı.
Fırçasız, boyasız səs rənglənərdi,
On bir heca kimi əzbərlənərdi.
“Segah”a, “Şahnaz”a keçərdi anam,
“Hicaz”dan “Məcaz”a keçərdi anam.
Məcazı - xalıydı, xalısı - muğam,
O, bu dünyamıydı,
İndi o dünyam.
Nərdivan
Bu dünya nərdivandı.
Qalxanda mehribandı
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
Dünya işıqdı
Mənim köməyim ol, mən dara düşsəm,
Baxma uzaqlardan, gəl dindir məni.
Hardasa, nabələd yollara düşsəm,
Özün qarşıma çıx, sevindir məni.
Bəzən hıçqırığım ucalır göyə,
İnsanam, mənim də ağrım-acım var.
Mənim sən verdiyin bir təsəlliyə,
Sən verdiyin sözə ehtiyacım var.
Adam var, neyləyim, vicdanı dardı,
Onun insafına qalsaydı əgər,
Mənim ürəyimi çoxdan qırardı,
Adımı hər yerdən çıxartdırardı,
İstəyinə çatsın təki birtəhər.
Sən eşit bunları, sıxılma fəqət,
Arabir sevincim qəm qarışıqdı.
Yüz təqib eləsin qoy məni zülmət,
Sən varsan dünyada, dünya işıqdı.
Hardadı
Yaşım səksəni haqladı,
Keçdiyim yollar hardadı?
Haraya gedirəm, Tanrım,
Görünən dağlar hardadı?
Gəzib torpaqlar görmüşəm,
Qaralar, ağlar görmüşəm,
Ölkələr, xalqlar görmüşəm,
Hanı o xalqlar, hardadı?
Kimin üstündə əsirəm,
Nəyim itib, nə gəzirəm?
Hara belə tələsirəm,
Bizim yaylaqlar hardadı?
Çiynimdən uçdu şah quşum,
Yerindədi ağlım, huşum.
Ələndi getdi tay-tuşum,
Tək-tük o sağlar hardadı?
Bulanıram, duruluram,
Öz içimdə qovruluram.
Yeriyirəm, yoruluram,
Dəmir ayaqlar hardadı?
Ağsaqqal olmaq buydumu,
Gördüklərim yuxuydumu?
Varıydımı, yoxuydumu,
Ötən o çağlar hardadı?!
Dost qocalıb, yar qocalıb,
Can alan canlar qocalıb.
Məndən cavanlar qocalıb,
Məndən ahıllar hardadı.