Xalq artisti Yalçın Rzazədə 74 yaşında vəfat edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Mədəniyyət Nazirliyindən bildirlib.
Məlumata görə, sənətkar uzun sürən xəstəlikdən sonra bu gün haqq dünyasına qovuşub.
Yalçın Rzazadənin sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayıb. Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Onu Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub. O, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarların yazdığı mahnıları ifa edib. Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı onu müşayiət ediblər.
1979-cu ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti adına layiq görülüb.