Tamaşaçının güllələmək istədiyi aktrisa - Roza Cəfərxanova - FOTOLAR
Teatr – beş hərfdən ibarət bu sözün arxasında hisslər və emosiyalar, insanlar və talelər dayanır. Bəzən bu beş hərfdən ibarət söz bütöv bir millətin, xalqın varlığını, onun dünyagörüşünü, ən əsası, mədəniyyətini əks etdirən bir göstərici olur. Təbii ki, bütün bunların arxasında insan – ömrünü teatra bağlayan aktyor və aktrisa dayanır.
O da aktrisa idi. Taleyini Naxçıvanın teatr mühitinə bağlayan, ömrünün, demək olar ki, çox hissəsini bu mühitdə yaşayan, teatrı həyat tərzinə çevirən xalq artisti Roza Cəfərxanova Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktrisası idi. Roza Cəfərxanova 1927-ci il fevralın 23-də Ordubadda doğulub. Uşaqlıqdan teatra həvəsi olan balaca Roza 14 yaşından dram dərnəyinin hazırladığı həvəskar tamaşalarda çıxış edib. O zaman Ordubadda yetərincə mədəni mühit var idi. Hətta burada 1949-cu ilə qədər Dövlət Dram Teatrı da fəaliyyət göstərirdi. Roza Cəfərxanova orta məktəbi bitirən kimi taleyini bu teatrın səhnəsi ilə bağlayıb. Ordubad teatrında Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasında Gülnaz, “Arşın mal alan”da Asya, “Ər və arvad”da Minnət xanım, Səməd Vurğunun “Vaqif” dramında Gülnar, “Fərhad və Şirin”də Şirin və digər rollarda oynayıb. Roza Cəfərxanova 1948-ci ildə Naxçıvan şəhərinə gələrək burada fəaliyyət göstərən teatrda işləməyə qərar verib. Elə bu teatrda da onun yaradıcılıq imkanları, bacarığı, istedadı üzə çıxıb. Gənc aktrisa o zamankı rejissorların diqqətini çəkib. Bir-birindən maraqlı rollar oynamaqla həmin illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisalarından birinə çevrilib.
Roza xanım bu teatrın səhnəsində 200-ə qədər rol oynayıb. Bu rolların əksəriyyəti bir-birindən tamamilə fərqli şəkildə təqdim edilib. Elə buna görə də 1984-cü ildə, Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Əgər onun yaratdığı obrazları saysaq, onda çox uzun bir siyahı alınar. Roza xanımla Naxçıvan Dövlət Musiqili Dram Teatrında eyni vaxtda işləyən bir adam kimi onun rollarından yox, sənətə olan marağından, sevgisindən söz açmaq istəyirəm. 1997-ci ildə Naxçıvan teatrında peşəkar rejissorun olmadığından istifadə edən bir aktyor M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasını plandankənar olaraq səhnələşdirmək istəyirdi. Mən Mədəniyyət və İncəsənət Universitetindən yenicə məzun olmuşdum. Əvvəllər Kukla Teatrında işləsəm də, böyük səhnə ilə tanışlığım o qədər də yox idi. Amma “rejissor” bu əsərdə mənə əsas rollardan olan Teymur ağa obrazını vermişdi. Mən isə kollektivin içərisində ona etiraz etdim ki, mənim səhnə təcrübəm yoxdur. Bu rolun öhdəsindən gələ bilmərəm. Ona görə də ilk olaraq mənə epizodik rol verilməsini xahiş etdim. “Rejissor” isə bundan əsəbiləşərək çox kobud danışdı. Onda, Roza xanım mənə yaxınlaşıb adımı soruşdu. Dedim. Adəti üzrə çox sakit səslə dedi: “Səməd, oğlum, xoşum gəldi səndən. Çünki indi teatra gələn gənclərin hamısı ilk dəfədən baş rol oynamaq iddiasındadırlar. Amma gərək özünü birinci dəfə kiçik, epizodik rollarda sınayasan, özünü sübut edəsən, sonra böyük teatr yoluna başlamaq olar”. Həmin gündən Roza xanımla səmimi münasibətlərimiz başladı. Sonra Rüfət Əhmədzadənin “Hələlik” komediyasında Roza xanımın ustalığının şahidi oldum. Üç-dörd cümlədən ibarət kiçik bir epizodu, yaşlı qadını elə bir ustalıqla oynadı ki, tamaşa qurtarandan sonra hamı ayaqüstə onu alqışlayırdı.
Teatr Roza xanım üçün hər şey idi. Hətta ailə səadətini də burada tapmışdı. Həyat yoldaşı xalq artisti Əkbər Qardaşbəyovla (1923-2001) burada tanış olub ailə qurmuşdu. O, sözün əsl mənasında, sənətkar idi. Rollar Roza xanım üçün epizodik və ya baş rola bölünmürdü. O, aktrisa kimi rolun daxilində dayanan insanın cizgilərini olduğu kimi yarada bilirdi.
Ömrünün sonlarında Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” dramında oynadığı Hökmdar qadın təkcə Naxçıvan yox, ümumilikdə, ölkə səviyyəsində teatr aləmində səs salan bir obraz idi. 70 yaşlı Roza Cəfərxanova səhnədə özündən 30-40 yaş kiçik olanlarla eyni çeviklikdə hərəkət edir, yaşına uyğun olmayan plastika nümayiş etdirirdi.
Teatrda indi də yaşlı nəslin həvəslə danışdığı bir xatirə var. Hələ 1970-ci illərdə ölkənin rayonlarından birinə qastrola gedən Naxçıvan teatrı tamaşaçılar üçün bir faciə oynayır. Həmin tamaşada Roza xanım əzazil qadın obrazını canlandırır. Tamaşa qurtarandan sonra rayon ictimaiyyəti sənətkarlarla görüşəndə rayonun polis şöbəsinin rəisi Roza xanıma yaxınlaşıb deyir: “Sizin ifanızda səhnədəki qadınla buradakı qadını müqayisə edəndə çaşdım. Mən tamaşaya baxarkən sizə o qədər nifrət etdim ki, iki dəfə əlimi tabel silahıma atıb sizi elə səhnədəcə güllələmək istəyirdim. Siz böyük sənətkarsınız!” Bu, bəlkə də, çox az-az aktyor və aktrisaya qismət olan taledir. Rolu düzgün oynamaq, onu tamaşaçıya sevdirmək ustalığının son həddi budur!
Yuxarıda qeyd etdiyimiz Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” Roza xanımın son tamaşasıdır. Bu tamaşa onun teatrdan həmişəlik getməsinə səbəb olur. Belə ki, Roza xanım bu tamaşada oynadığı rolda nə qədər çevik hərəkətlər etsə də, yaş özünü göstərirdi. Yaddaşı sözünə baxmırdı. Bir gün bu tamaşanı növbəti dəfə izləyicilərə təqdim edəndə səhnədə çaşır və replikanı düz vermir. Tərəf müqabili olan xalq artisti Rza Xudiyevə astadan: “Bahoo, korladım”,- deyir. Təbii ki, peşəkar aktyor olan Rza müəllim vəziyyətdən ustalıqla çıxır. Tamaşaçılar yaranan gərginliyi hiss etmirlər. Amma budan sonra Roza Cəfərxanova öz böyüklüyünü və tamaşaçı nəzərində sevimli aktrisa nüfuzunu qorumaq üçün ərizə yazıb işdən çıxır. O istəmirdi ki, bir zaman tamaşaçıların sevimlisinə çevrilən aktrisa varlığı qədər sevdiyi səhnədə onların qarşısında pis vəziyyətə düşsün!
Dövlətimiz Roza Cəfərxanovaya layiq olduğu ən yüksək qiyməti verib. O, 2000-ci ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Xalq artisti fəxri adına, 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb. Xalq artisti 2010-cu ildə 83 yaşında Naxçıvanda vəfat edib.
Səməd Canbaxşiyev