Tacikistanın “faraj.tj” portalı Ermənistanın zaman-zaman Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, azərbaycanlıların Ermənistandan deportasiyası, 44 gün davam edən Vətən müharibəsi, Xocalı faciəsinin 29-cu ildönümü haqqında tacik dilində məqalə yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalması, ötən il sentyabrın 27-də təcavüzkar ölkənin təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları, müharibədə qazandığı Qələbəsi və düşmənə sarsıdıcı zərbələr endirməsi haqqında ətraflı danışılır.
Yazıda Ermənistanın Gəncə, Mingəçevir, Bərdə, Tərtər, digər şəhər və kəndlərimizi qadağan olunmuş “Toçka-U”, “Elbrus” və digər raketlərdən atəşə tutması, bununla da Cenevrə Konvensiyasını pozması, bu hərbi təcavüz aktı nəticəsində 100-dən çox dinc sakinin, o cümlədən 11 uşağın qətlə yetirilməsi, 400-dən çox insanın yaralanması barədə məlumat verilir.
Məqalədə Xocalı faciəsindən də bəhs olunur, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə Xocalıda qəddarlıqla qətlə yetirilən və yaralanan insanların sayı haqqında məlumat verilir.
Materialda bir sıra dövlətlərin və təşkilatların Xocalı faciəsini soyqırımı kimi tanıdığı da bildirilir.