Naxçıvan MR ərazisində arxeoloji qazıntılar aparan AMEA Naxçıvan Bölməsinin Tarix Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, arxeoloq Vəli Baxşəliyevin NUHÇIXAN-a verdiyi məlumata görə, Cənubi Qafqaz mədəniyyətləri ilə Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin mövcudluğunu sübut edən abidə aşkar olunub. Bu Naxçıvan şəhərinin yaxınlığında tapılan Dalma təpə tipli keramika ilə xarakterizə olunan Naxçıvantəpə yaşayış yeridir .
Naxçıvantəpə yaşayış yeri Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşir. Yaşayış yeri Naxçıvançayın açdığı yarğanın üzərində salınıb. Ehtimal ki, çay vaxtilə yaşayış yerinin yaxınlığından keçib, hazırda isə qədim yaşayış yerindən 200 metr aralıdadır. Yaşayış yerinin bir hissəsi əkin sahələrinin altında qalıb. Hazırda yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 2 hektara yaxındır.
Yaşayış yerindən aşkar olunan arxeoloji materialların əksəriyyəti keramika məmulatı və obsidian parçalarından ibarətdir.
Əmək alətləri olduqca azdır. Dən daşları tək-tək nümunələrlə təmsil olunur. Çaxmaq daşından az istifadə olunub. Əmək alətləri arasında obsidian alətlər daha çoxluq təşkil edir. Yaşayış yerindən aşkar olunan obsidian alətlər arasında da oraq dişləri olduqca azdır. Ehtimal ki, bu əhalinin məşğuliyyəti ilə bağlı olubdur.
Keramika məmulatı başlıca olaraq e.ə. V minilliyin birinci yarısı üçün xarakterikdir. Keramika məmulatının əsas xüsusiyyəti Dalma təpə tipli boyalı və basma naxışlı keramikanın olmasıdır. Bu tip keramika ilə xarakterizə edilən yaşayış yeri Cənubi Qafqazda ilk dəfədir ki, aşkar olunur. Naxçıvantəpə yaşayış yerinin tədqiqi yalnız Azərbaycanın deyil, bütövlükdə bütün Cənubi Qafqazın Eneolit mədəniyyətinin ardıcıl mərhələlərini öyrənməyə imkan verir.
Vaqif Ağalarov