2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev yanvarın 5-də Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi böyük filosof şairin yaradıcılığından süzülüb gələn hikmətli fikirləri oxucularına təqdim edir:
Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
Eşitməmişsənmi bu məşhur sözü:
“Quyu qazan adam düşəcək özü”.
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
Bir kəsin dadına istəsən çatmaq,
O zaman ləngimə, tələs sən ancaq.
Birilə köhnədən olarsa kinin,
Kökünü qazıma onun nəslinin.
Atayçın oğuldan alma intiqam,
Çalış dost olasan onunla müdam.
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən doğar.
Həddən çox yeməyə etmə sən adət,
Mədəni doldurmaq zəhmətdir, zəhmət.
Bir ürəkdə olmaz iki sevgili,
İki ürəklinin düz olmaz dili.
Əqilli bir işdir yumşaq danışmaq,
Axmağın işidir kobudluq ancaq.
İstəsən övladın olsun pak ürək,
Bir ata, bir ana tanısın gərək.
İki qəlb bir olsa dağı parçalar,
Böyük bir kütləni edər tarü-mar.
Hər uca rütbədən, biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
Əvvəl əyri bitən bir cavan budaq,
Zənn etmə qocalsa düzgün olacaq.
Hər kəs ki, zülm üçün qılıncı aldı,
Qan tökən şir kimi pəncəsiz qaldı.
İnsana arxadır onun kəlamı,
Ağlıdır hər kəsin dövləti, malı.
Quyuya salsan da yaxşılığı, bil,
Yenə qayıdacaq, o itən deyil.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
Yamanlıq eləsə özgəyə hər kəs,
Çıxar qabağına, hədərə getməz.
Günəşə göz yumub yandırsan çıraq,
Külək söndürəcək onu, bil ancaq.
Çalış öz xalqının işinə yara,
Geysin əməlindən dünya zərxara.
Yaxşı adamların göz yum eybinə,
Yaxşı şey öyrətməz yaman göz sənə.