Naxçıvan teatrı zəngin ənənələrə malikdir - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
1873-cü il mart ayında Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi Azərbaycan peşəkar milli teatrının əsası qoyulmuşdur. Bundan 10 il sonra – 1883-cü il mayın 11-də isə dövrünün mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilməklə Naxçıvan teatrının əsası qoyulmuş, ötən dövrdə teatr şərəfli inkişaf yolu keçmişdir. Naxçıvan teatrının salnaməsini vərəqlədikcə fədakar və mübariz insanların xatirəsi gözlərimiz önündə canlanır. Bu məfkurə və əməl dostlarının başında duranlar – Eynəli bəy Sultanov və Cəlil Məmmədquluzadə dram əsərləri yazmaqla bərabər, həm də rejissorluq edir, teatr təşkilatçılığı ilə məşğul olur, teatrın inkişafı üçün zamanın sərt sınaqlarına qatlaşırdılar.
XIX əsrin əvvəllərində Bakıdan Naxçıvana gələn Azərbaycan teatrının qüdrətli sənətkarlarının Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşa göstərməsi, öz həmkarlarına mənəvi dəstək verməsi, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə təsir etməsi, dərin mündəricəli əsərlərin tamaşaya qoyulması ilə yanaşı, həm də milli teatr tariximizdə əməl və məfkurə dostluğunun, sənət fədailiyinin ən gözəl nümunələri idi. Bütün bunlar Naxçıvan teatrına öz repertuarını zənginləşdirmək imkanı qazandırmışdı. Naxçıvan teatrı Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, İslam Səfərli kimi sənətkarların əsərlərinə müraciət edərək püxtələşmişdir. Həmçinin teatrın kollektivi müxtəlif illərdə Vilyam Şekspir, Lope de Veqa, Qothold Lessinq, Henrik İbsen, Əziz Nesin, Nazim Hikmət, Çingiz Aytmatovun da əsərlərini tamaşaya qoymuş, teatrsevərləri dünya klassiklərinin yaradıcılığı ilə tanış etmişdir.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və rejissor kollektivi formalaşmışdır. Müstəqillik illərində isə ümummilli liderimizin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə böyük uğurlar qazanılmışdır. Həmin dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi qiymətləndirilmişdir. Teatr kollektivlərinin əməkhaqları artırılmış, aktyorların, rejissorların, dramaturqların yubileyləri geniş qeyd edilmiş, Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənmişdir.
Teatrlara diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilmiş, teatr binaları yenidən qurulmuşdur. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm dövlət sənədləridir.
Naxçıvan Muxtar Respublikasında da teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binalarının hamısı yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. Bu gün muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı və Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verərək demişdir: “Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır”.
Zəngin tarixi inkişaf dövrü keçmiş Naxçıvan teatrının müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində olmuş, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanmışdır. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında da göstərdiyi tamaşalar maraqla qarşılanmışdır. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşalar hazırlayır. Hazırda teatrda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar ölkədə elan edilmiş “Nizami Gəncəvi ili” münasibətilə dahi şairin “Sirlər xəzinəsi” poeması əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri aparılır.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının son onilliklərdə tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Yəhya bəy Dilqəm”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Mirzə Fətəli”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Mənim ərim dəlidir”, “Dəlixanadan dəli qaçıb”, “Kuklalar evi”, “Arılar arasında” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyini göstərir.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da fəaliyyəti boyunca yüksək qayğı ilə əhatə olunub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının qonşu Türkiyə və İran İslam respublikalarına səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarıb. Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatrlarının “Alova çevirilən qəzəb”, “Sevməsəm, ölləm”, “Öldürsənə, can-ciyər”, “Arzum çin oldu”, “Sadığın toyu” kimi son tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Rayon mərkəzlərində müasir standartlara uyğun tikilərək istifadəyə verilən mədəniyyət saraylarında teatr kollektivləri üçün hər cür şəraitin yaradılması xalq teatrlarının fəaliyyətinin daha səmərəli təşkilinə səbəb olub.
Son illər Naxçıvan teatrının yarandığı gündən bu günə kimi keçdiyi inkişaf yolunun tədqiqi ilə də bağlı bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” bu baxımdan yüksək qiymətə layiqdir. Kitabda ilk dəfə olaraq Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar öz əksini tapıb.
Teatr o zaman davamlı inkişaf edir ki, orada gənc aktyorlar nəsli yetişir. Muxtar respublikada bu sahədə də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılıb. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla tamaşaçı qəlbinə yol tapmaqla yanaşı, Naxçıvan teatrının gələcək fəaliyyətinə töhfələr verirlər. Muxtar respublikada teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər.
Xalqımızın zəngin mədəniyyətini yaşatmaq, gənclərin vətənpərvərlik duyğularını gücləndirmək, yüksək estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək bu gün teatrlarımızın qarşısında duran əsas vəzifədir. Cəmiyyətimizin, xalqımızın milli dəyərlər ruhunda, mənəvi kamillik işığında inkişafına xidmət edən teatr sənətimiz milli sərvətimizdir. Ötən illərdə olduğu kimi, bundan sonra da Naxçıvan teatrları milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizin şərəfli səhifələrini yaşatmaq missiyasını layiqincə yerinə yetirəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti