Muxtar respublikada “Aşıq Ələsgərin 200 illik yubileyi”qeyd edilir - FOTOLAR

A- A A+

Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında fevralın 18-də Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasında təsdiq edilmiş Tədbirlər Planına əsasən ədibin yubileyi geniş şəkildə qeyd edilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Culfa rayonunda yubiley tədbiri təşkil olunub.                                             

Culfa Rayon İcra Hakimiyyəti, rayon Təhsil və Mədəniyyət şöbələrinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər qüdrətli söz ustadının həyat və yaradıcılığından ətraflı bəhs ediblər.

Qeyd olunub ki, 1821-ci ildə qədim Göyçə mahalında anadan olan və bu il 200 illik yubileyi qeyd edilən Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın ifadəsidir.

Bildirilib ki, sənətkarın yubileyləri ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində respublikamızda və onun hüdudlarından kənarda qeyd edilib. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Tədbirin bədii hissəsində “Əlincə” ansamblı görkəmli söz ustadı Aşıq Ələsgərin poetik irsindən nümunələr təqdim edib, Culfa şəhər məktəbliləri qoşma və təsniflərini bədii qiraət ediblər.

      

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: