Azərbaycan etnoqrafiyasında müxtəlif bayramlara rast gəlirik. Bu bayramların hər biri özünəməxsus adətləri, tamaşaları, müxtəlif folklor nümunələri ilə zəngindir. Novruz bayramı isə daha çox rəngarəng bir bayramdır.
Novruz bayramının tarixi çox qədimdir. Bu bayramın əkinçilik mədəniyyətinin formalaşması ilə əlaqədar yarandığı, 8-9 min il tarixə malik olduğu güman edilir. Bütün türk xalqları kimi, Azərbaycanda da bu bayram özünəməxsus formada həyata keçirilmiş, hər bir elimizdə müxtəlif çalarlarla zənginləşdirilmişdir. Novruz bayramı çoxmərhələli bir bayramdır. Kiçik çillə qurtardıqdan sonra yaz girənə qədər “Boz ay” adlanan bir aylıq dövrdə Novruz bayramına hazırlıq məşqi kimi çərşənbələr həyata keçirilir, səməni göyərdilir. Novruz bayramının əsas atributlarından olan yumurta döyüşdürmə də Kiçik çillədən başlayaraq bayramdan bir neçə gün keçənə qədər davam edərdi. Yumurta döyüşdürmək iki formada aparılardı. Novruz bayramı gecəsi evlərdə rəngli yumurtalar bişirilər. Yumurtanı boyamaq üçün əsasən, soğan qabığından, bəzən isə boyaqotu kökü və ya samandan (sarı rəng) istifadə edilir. Hər kəs yaxın qonşu və qohumlarda olan oğlan uşaqlarının sayına uyğun yumurta boyayır. Bayramın birinci günü uşaqlar qapı-qapı gəzərək yumurta paylarını toplayırlar.
Sovet hakimiyyəti illərində isə bu bayramı dini gerilik, keçmişin qalığı kimi qadağan etmişdilər. Bütün qadağalara baxmayaraq, xalq bu bayramı ata-babalarımızın yadigarı kimi qorumuşdur. Ölkəmizdə, o cümlədən Naxçıvanda müstəqillik illərində Novruz el bayramı kimi təmtəraqlı şəkildə qeyd edilir. İl ərzində, yəni iki axır çərşənbə arasında vəfat edənlərin ailəsi axır çərşənbədə yenidən ziyarət edilir və ailə yasdan çıxmış sayılır.
Axır çərşənbədən – od çərşənbəsindən qabaq “ev tökülər”, yəni xalça-palazı, yorğan döşəyi havaya çıxarıb sərər, çırpar, lazım olanları təmiz suya tutar, ev-eşiyi təmizləyərək qonaq qəbul edəcək formada döşəyərlər. Axır çərşənbədə qonşular öz həyətlərindən od apararaq yaslı ailənin həyətində od yandırar, evin uşaqlarını çağırıb od üzərindən atladaraq ailəni yasdan çıxarar, yalnız bundan sonra öz həyətlərində od yandırarlar.
Çərşənbə plovu bişirilən zaman vəfat etmiş yaxın adamların adını tutaraq onların da adına düyü əlavə edərlər. Deyərlər ki, Novruzda qeybət etməzlər, qohum-qardaşa, dost-tanışa mehribanlıq edərlər, Novruz günü başqası barədə pis danışmazlar, dalaşmazlar, qapıya atılan torbanı boş qaytarmazlar, Novruz günü xəstə yatanlara pay, elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər, həmin gün küsülülər barışarlar və sair.
Od çərşənbəsi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma, od kultu ilə əlaqəli yaranmışdır. Hələ çox-çox əvvəllər insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki rəmzi kimi odu müqəddəsləşdirmişlər. Əski zamanlarda insanlarda belə bir inam yaranmışdır ki, onlar odu nə qədər əzizləsələr, oxşasalar təbiət o qədər tez qızınar, isinər, adamlara xoşbəxtlik gətirər. Bu çərşənbədə təsərrüfat sahələrində müəyyən işlərə başlanar. İlk olaraq aran bölgələrdə ağaclara qulluq edilir, birillik heyvanlar örüş sahələrinə çıxarılır. Bir sözlə, istiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağı məhsul əkininə hazırlıq ənənələri, ritualları bu çərşənbədə əksini tapır.
Od çərşənbəsi, ümumilikdə, Günəş, od, atəş inamı ilə bağlı yaddaşlarda qalan bir çox nəğmə, etiqad, mərasim və rəvayətlərin mənbəyidir. Od üzərindən atlanmaq təmizlik və arınma anlamı daşıyır. İlaxır çərşənbədə ocaq yandırmaq soy artımına da işarədir. Hətta elindən, yurdundan köç etmiş ailələr belə, bu müqəddəs gündə ona məxsus evdə işıq yandırar, ocaq çatarlar.
Deyirlər ki, çərşənbə ocağı öz-özünə sönməlidir. Səhər isə qadınlar ocağın külünü torpağa, ağacların üzərinə tökərək yüksək səslə “Ağaclarım, bar gətir, ağaclarım, bar gətir” deyərlər. Burada ocaq inamının və yurd anlayışının izləri aydın görünməkdədir. İnama görə, ocağı su ilə söndürməzlər. Ümumiyyətlə, od xalqımızın and yeri, inanc yeri olmuşdur. “Od haqqı”, “Ocaq haqqı”, “Ocağa and olsun”, “Ocağın nurlu olsun” demiş babalarımız, ağbirçək nənələrimiz. Düşməni qarğıyanda ilk öncə ocağına üz tutmuş, “Ocağın sönsün”, “Ocağın dağılsın”, “İçinə od düşsün” demişlər. Evə, ailəyə bədbəxtlik üz verəndə “Ocağı qaraldı”, “Ocağı söndü” deyərlər. Bundan əlavə, naxələf adama “Baba ocağını kor qoydu” deyərlər. Elimizdə-obamızda qədim ibadət yerlərini də “ocaq” saymışlar. Bəzi ağsaqqallara “Ocaq kimi adam” demişlər ulularımız.
Naxçıvanda xüsusi təntənə ilə qeyd olunan Od çərşənbəsində bir sıra vacib məsələlərə əməl еdilir: bayram süfrəsi açılır, halva, paxlava, şəkərbura, badambura kimi şirniyyatlarla, dadlı çərəzlərlə xonça bəzədilir, qız-gəlinlərə pay göndərilir. Ləziz yеməklərlə yanaşı, hər kəsin evində mütləq plоv bişirilir. Xalq arasında plоv İlaxır çərşənbənin rəmzi sayılır.
Xalq arasında yaşadılan ən maraqlı adətlərdən biri də axır çərşənbənin səhəri günü Günəş çıxmamışdan su üstə getmək adətidir. İlk növbədə, insanlar səhər tezdən çay, bulaq kənarına gedər, əl-üzlərini yuyar, sudan bir az da içərlər. İnama görə, bu su dərdlərin dərmanıdır, içən xəstələr şəfa tapar. “Çərşənbə suyu”ndan insanlar arasında bir-birinin üstünə çiləmə adəti də icra olunur. Su aydınlıq, paklıq, təmizliyə çıxmaqdır. Həmin gün evdə bütün su qablarını boşaldıb yerinə “çərşənbə suyu” doldururlar. Sudan çörək bişirmək üçün xəmir tuturlar. “Çərşənbə suyu”ndan gətirib bir gün saxlayıb, sonra əkin sahəsinə səpirlər. Həmin sudan Novruz bayramı günü yandırılan tonqalın külünün üzərinə səpirlər ki, həm ürəklər sərinləsin, həm də şər qüvvələr evdən kənarlaşsın. Bulaq üstünə gedən qız-gəlinlər bulağın gözündən yeddi daş götürürlər. Götürülən daşları yağ küpələrinə, unluqlara, pul kisələrinə qoyurlar ki, bərəkətli olsun.
Qeyd edək ki, bu il Od çərşənbəsi mart ayının 16-na təsadüf edir. Qoy odunuz, ocağınız heç vaxt sönməsin. Elimizə-obamıza Novruz gəlir, yaz gəlir. Qədəmləri mübarək, düşərli, xeyir-bərəkətli olsun.
Mənbə: Zaleh Novruzovun
“Etnoqrafik yaddaşımızdan” kitabı