Əmək və zəhmət şairi

A- A A+

Nizami Gəncəvinin bütün əsərlərində zəhmət və əməkçi insanların yaratdıqları əməllər alqışlanıb.

İnsan yem dalınca qaçmasın gərək,

Quşdan ayıq olsun zirəkdən-zirək.

Çalış zəhmətinlə xalqının işinə yara,

Geysin əməlinlə dünya zər-xara.

“Nizaminin əsərlərində zəhmət adamlarından hörmət və məhəbbət hissi ilə danışılır. Onun əsərlərində biz bir çox zəhmət adamlarının - kərpic kəsənlərin, əkinçilərin, bənnaların, çobanların, bağbanların parlaq surətlərinə rast gəlirik”,- deyirdi  Xalq şairi Səməd Vurğun.

Həqiqətən də, mütəfəkkir şairin hər bir əsərini və o əsərlərdə yer alan qəzəlləri oxuduqca insan zənginləşir, mənəvi qida alır, ruhu sakitlik tapır. Əsrlər öncə yazılmasına baxmayaraq, heç zaman oxumaqdan  doymadığımız, “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəsi məhz belə əsərlərdəndir.

Böyüməkdə olan nəslin tərbiyəsi işində əməyə məhəbbət, əməksevərlik işinin aşılanmasında bu hekayə mühüm önəm daşıyır. Nə xoş  ki, biz də məktəbli ikən bu hekayəni mütaliə edib ibrətamiz nəsihətlər əldə etmişik. Şam şəhərində yaşayan kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişinin timsalında bugünkü gəncliyimiz də  əməksevər böyüyür: Qoca tərini silə-silə, kərpicini kəsərək halal zəhməti ilə çörək pulunu qazanırdı. Elə bu zaman bir cavan oğlanın “Bu nə işdir görürsən ay qoca, yalnız qullar, kölələr belə zillətə dözər… Qalx ayağa torpağa bu qədər qılınc vurma, bir qarınlıq çörəyi heç kəs səndən əsirgəməz” deməsi yaşlı kişini qəzəbləndirir. Qoca kişi isə cavan oğlanın dediklərinin qarşısında belə cavab verir:

Cavansan belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə,
Mən bir kəsə deyiləm xəzinədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac,
Onunçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.

Adətən dünyagörmüş, təcrübəli qocalar, gənclərə nəsihət verər, onları səhv işlərdən çəkindirər. Bu hekayədə isə cavan oğlan qocaya ağıl vermək, yol öyrətmək fikrinə düşür. O qocaya məsləhət görür ki, yaşı ötüb, daha işləməsin, heç kəs ondan bir parça çörəyi əsirgəməz. Lakin qocanın haqlı və ədalətli sözləri gənc oğlanı narahat edir, tutduğu işdən peşman olur. Bu, əlbəttə, şairin özünün ideyasıdır ki, insan öz zəhməti ilə ucalmalı və onun nəticəsində yaşayışını təmin edib, özgələrdən asılı olmamalı, halal əməyi ilə dolanışığını təmin etməyi bacarmalıdır.  Bu əsər vasitəsilə heç kəsə boyun əyməmək, əməksevər olmaq kimi müsbət keyfiyyətlər aşılanır. Zəhmətkeş qoca da hələ həyatın sərt üzünü görməmiş gəncə əməksevərlik, halallıq dərsi verir.  Qocanın dili ilə dediyi sözlərdən görünür ki, şair əməyə insana sərbəstlik verən, onu başqaları qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır, kərpic kəsməklə gündəlik gəlirini qarşılamağın utancverici bir hiss olmadığını dilə gətirir və bir qarın çörək üçün heç kəsə boyun əyməməyi təlqin edir, tüfeyli həyat sürən insanları pisləyir, onların cəmiyyətə heç bir xeyir gətirmədiyini bildirir. Kərpic kəsən kişi yaşadığı çətinliklərə baxmayaraq, həyatda heç vaxt məğlub olmadı. Əksinə, daha məğrur dayandı dünya pəncərəsi önündə, qürurundan dönmədi, əziyyətlərə qatlaşmağı özünə yol seçdi...

Bu gün orta ümumtəhsil məktəblərinin V siniflərində təhsil alan şagirdlər kərpickəsən kişinin hekayəsini oxuyarkən çətin işindən mənəvi qida alan qoca ilə zəhməti qiymətləndirməyən miskin bir cavanı gözləri önündə canlandırırlar. Kərpickəsən qoca ən səciyyəvi əməkçi obrazı olduğundan şagirdlərdə əməyə sevgi yaratmaq üçün əsl nümunədir. Şagirdlər hekayəni oxuduqda bu nəticəyə gəlir ki, zəhmət çəkən, əmək sərf edən, alnının təri ilə çörək pulu qazanan insanlar hər kəsin sevimlisinə çevrilir.

Bir sözlə, Nizami yaradıcılığı yüksək insani görüşləri, mənəvi ucalığı tərənnüm edən möhtəşəm sənət abidəsidir. Bəşəriyyətin rifahını çalışqanlıq,  əmək və zəhmətsiz təsəvvür etməyən dahi  Nizami söz xəzinəmizdə ən uca zirvədə dayanaraq, təfəkkürün vəhdətindən irəli gələn əsərlərin qalibiyyət bayrağını bütün kainat üzərində dalğalandırır. O əsərlər ki, heç bir zaman unudulmasına yol verilmir. “Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı”,- deyən söz ustadının ədəbiyyatımızda yeni parlaq səhifə açan əsərləri bu gün də insanların kamilləşməsinə xidmət edir.  Sənətkar  ənənələri ilə seçilən Nizami ədəbi məktəbi yüz illər sonra da yaşayacaq. Qüdrətli söz sahibinin oxuduğumuz hər bir əsərindən aldığımız nur və  xoşbəxtlik, ən əsası  mənəvi qida heç zaman əskilməsin.

Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: