“İRS-Naslediye” jurnalının Moskvada növbəti nömrəsi çapdan çıxıb

A- A A+

Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalın 2021-ci ildə ilk nömrəsi nəşrin baş redaktoru Musa Mərcanlının “İki yubiley ili” adlı məqaləsi ilə açılır. Baş redaktor yazır ki, 2020-ci il bütün dünyada koronavirus pandemiyası ilə yadda qalsa da, Azərbaycan xalqı üçün işğal olunmuş torpaqlarımızın azad edildiyi il, Qələbə ili kimi tarixə düşüb. Ötən il Azərbaycan həqiqətlərini təbliğ edən “İRS-Naslediye” jurnalı üçün də əlamətdar olub. Jurnal daha bir dost ölkədə - İsraildə dərc edilməyə başlayıb.

M.Mərcanlı oxucularına 2021-ci ilin dahi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunması, həmçinin 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 30-cu ildönümünün qeyd ediləcəyi barədə məlumat verir.

Jurnalın yeni nömrəsində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Şəmşirin yaradıcılığından bəhs edən “Böyük verginin varisi”, eləcə də Nizami yaradıcılığının orta əsrlər Şərq incəsənətinə təsirini araşdıran “Nizami poemaları orta əsrlər müsəlman Şərqi rəssamlarının ilham mənbəyi kimi” adlı məqalələr yer alıb.

Jurnal Ermənistan hakimiyyətinin Azərbaycana qarşı törətdiyi terror aktları barədə yazıların davamı olaraq, bu dəfə oxuculara “Bərdə 2020-Ermənistanın dövlət terroru” başlıqlı məqalə dərc edib. Yazıda 2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini bombalamasını faktlar və fotoşəkillərlə oxuculara təqdim olunur.

Oleq Kuznetsovun “Yeni erməni bütpərəstliyi və Ermənistanda nasizmin bütləşdirilməsi” sərlövhəli məqaləsində Ermənistanda Qaragin Njde və digər faşist xislətli şəxslərin qəhrəmanlaşdırılmasının qorxunc tendensiya olduğu diqqətə çatdırılır.

Nəşrdə, həmçinin üzərində “Qarabağ” sözü həkk olunmuş ilk sikkələrin yaranma tarixi, 1918-1920-ci illərdə Azərbaycan dəmir yollarının inkişafından bəhs edən məqalələr və digər maraqlı tarixi materiallar yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: