Novruz süfrəsinin səməni halvası

A- A A+

Novruz bayramı ərəfəsində cücərdilən səməni yazın gəlişi, təbiətin canlanmasının rəmzidir. Demək olar ki, bütün ailələrdə Novruz qabağı səməni cücərdilir. Novruz xonçasının ortasında səməninin xüsusi yeri vardır. Əsasən arpa və buğdadan hazırlanan səməninin rəngi bar-bərəkəti ifadə etdiyi kimi,  onun ortasından bağlanan qırmızı rəngli  qurşaq da od, istilik rəmzidir. Ona görə də xalq arasında belə inanc vardır ki, evlərdə səməninin cücərdilməsi ailələrə ruzi-bərəkət, isti münasibət, xoş ovqat gətirir.

Bayramdan sonra bir növü müqəddəs hesab edilən səmənini hara gəldi atmazlar. Yaşlıların söylədiyinə görə, solmuş səmənini axar suya atmaq məsləhətdir. Azərbaycanın bəzi bölgələrində bayramdan bir neçə gün sonra səmənilərin kütləvi surətdə suya axıdılması mərasimi keçirilir.

Vaxtilə hər ailədə bayram ərəfəsində səməni halvası bişirilirdi. Bir vaxtlar nə meyvə-tərəvəzi bayram dövrünə qədər saxlayacaq soyuducular, nə də bugünkü kimi, istixanalarda, ailə təsərrüfatlarında yetişdirilən meyvə-tərəvəz, göy-göyərti var idi. Buna görə də insanlarda erkən yazda vitamin çatışmamazlığı baş verirdi. Bu zaman səməni halvası qida rasionuna daxil edilirdi.

Səməni halvasını bişirmək üçün səməni 1-2 santimetr cücərdikdə onu taxta tabaqda daşla döyüb əzirlər, sonra isə sıxıb suyunu çıxarırlar. Suyun miqdarına uyğun un götürür, umac ovur, müəyyən qədər şəkər və ya bal şərbəti qatıb qaynadırlar. Zövqə uyğun olaraq halvaya ədvalar – hil, darçın, istiot, nanə əlavə edilir. Bayramda bişirilən səməni halvasına əzilməmiş badam içi qarışdırılır. İnanca görə, halvanı yeyən zaman badamın içini çıxarıb evin müəyyən bir yerində gələn bayrama kimi saxlamaq lazımdır ki, ailənin ruzi-bərəkəti artsın. Bişirən zaman taxta ərsinlə halvanı suyu çəkilib dənəvari hala düşənə qədər tez-tez qarışdırmaq lazımdır ki, dibi yanmasın. Hazırlanmış halva qablara çəkilir, süfrədə gözəl görünsün deyə bəzən paxlava kimi doğranır. Bəzi yaşayış məntəqələrində kənd üçün ümumi səməni halvası bişirilməsi adəti də olub. Yüz illərin sınağından çıxan, xalqımızın əziz bayramı olan Novruzda süfrələrə düzülən ən dadlı nemətlərdən biri olub səməni halvası. Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün əksər kəndlərdə bu yeməyin bişirilməsi ənənəsi unudulub. Düşünürük ki, ildə bir dəfə səməni halvası bişirmək heç də analarımız, bacılarımız üçün çətin olmaz. Çünki o ailələrdə gələcəyimiz olan gənclik yetişir. Biz milli dəyərləri onlara təbliğ edə bilsək, o dəyərlər də övladlarımızla birgə sabaha daşınacaq.

“Şərqin səhəri” qəzeti

Mənbə: “Etnoqrafik yaddaşımızdan” kitabı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: