İncəsənətimizin mühüm tərkib hissələrindən biri də zəngin musiqimizdir. Azərbaycan xalqı lap qədimdən öz zəngin mənəvi xəzinəsi olan musiqi ritmlərini ifa edə biləcək müxtəlif qədim musiqi alətləri vasitəsilə özünün tarixi, mədəniyyət və mənəviyyat abidəsini yaradıb. Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri haqqında məlumatlara klassik poeziyamızın dahiləri Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində rast gəlirik. O dövrün miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilib. “Kitabi-Dədə-Qorqud” dastanında qopuz, zurna, nağara kimi musiqi alətlərinin adları çəkilib. Zaman-zaman onların bəziləri tədricən sıradan çıxıb, digərləri isə təkmilləşərək daha geniş yayılıb. Orta əsrlərdən bəri Azərbaycanda kamança, qopuz, rübab, cəng, səntur, qanun, şeypur, təbil, nağara, dəf, dümbək (zərb) kimi musiqi alətlərindən geniş istifadə edilib.
Zərb alətlərinin də musiqi mədəniyyətimizin tarixində xüsusi yeri vardır. Azərbaycan ərazisində tarixən çox geniş yayılmış zərb çalğı alətlərinin müxtəlif növləri xalqımızın mədəni həyatında özünəməxsus rol oynayıb. Zərb alətlərinin təbil, kos, qoşa nağara, nağara, dümbək kimi növləri vardır.
Zərb alətlərinin ilkin nümunəsi “Qaval daşı” sayılır. Qaval daşı qaya parçası hesab olunur və hələ daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi alətidir. Səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənən həmin daşlar həm də musiqinin qədimliyindən xəbər verir. Tədqiqatçıların fikrincə, dünyada ilk musiqi aləti qavaldaş olub. Qavaldaşın yaranma tarixi, mütəxəssislərin rəyinə görə, 1-1,5 milyon il əvvələ, yəni Daş dövrünə gedib çıxır. Adının mənasına gəlincə, araşdırmaçıların bir çoxu bu qənaətdədir ki, qavaldaş “qəbilə daşı” deməkdir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən qavaldaşdan zərb alətlərinin səsi çıxır. Hələ Neolit dövründə bu daşın xüsusiyyətlərini bilən Qobustan ərazisinin sakinlərinin ondan musiqi aləti kimi istifadə etdikləri qayaüstü rəsmlərdə də əksini tapıb. Qaval daşının səsi Azərbaycan musiqi mədəniyyətinin, keçmişimizin səsidir. Bu səsi heç bir musiqi alətindən almaq mümkün deyil, bu səs yalnız qavaldaşına məxsusdur. Qədim tariximizdən soraq verən qaval daşlarına Naxçıvan ərazisində də rast gəlinir. Babək rayonunun Payız kəndi yaxınlığında, dəniz səviyyəsindən 1758 metr yüksəklikdə yerləşən, Tunc dövründə inşa edilən Çalxanqalanın Narınqala hissəsində qaval daşları vardır. Bunlardan ən böyüyünün uzunluğu 2, eni 1 metr, qalınlığı isə 10-15 santimetrdir. Həmin daşlardakı səslər Qobustan ərazisindəki qaval daşlarının səsindən fərqlənir. Bu daşlar həm də muxtar respublika ərazisində tapılan ən qədim musiqi aləti sayılır. Qaval daşlarında müxtəlif növ zərb alətlərinə məxsus ritmlər ifa etmək mümkündür. Daşın ortası, kənarları, küncləri, yuxarı və aşağı hissələri müxtəlif tembrli səslərə malikdir. Qaval daşının özünəməxsus xüsusiyyətlərindən biri ifa zamanı səslərin daha effektli olması üçün yerə təmas etməməsidir. Ona görə də bu daş müəyyən qədər torpaqdan yüksəkdə qoyulur. Dərə ilə cərəyan edən hava axını alt daşla üst daş arasındakı boşluqdan keçərək səsin daha effektli çıxmasına şərait yaradır. Qavaldaş qədim insanlar üçün həm də birlik simvolu idi. Belə ehtimal olunur ki, insanlar onun ətrafına toplaşaraq dini və bayram mərasimləri keçiriblər. Ayrı-ayrı qəbilələrin üzvləri həm də ova çıxdıqları zaman müxtəlif musiqilər altında rəqs ediblər.
Bu gün isə qavaldaş dəyərli abidədir. Bir neçə il bundan öncə muxtar respublika ərazisində pasportlaşdırılaraq qeydə alınan qaval daşının elmi əsaslarla araşdırılması işinə AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə yanaşı, musiqiçilər də cəlb olunub. Bu, musiqimizin ilk ritmlərini özündə ehtiva edən “ibtidai musiqi aləti” sayılan qaval daşı haqqında yeni bilgilərin əldə olunması, onun əsrarəngiz səsinin dünyada tanıdılması işinə mühüm töhfə verib. Əksər musiqi alətləri zamanla təkmilləşərək öz səs və görkəmlərini dəyişirlər. Qaval daşının ən böyük özəlliyi ondadır ki, əsrlər keçsə belə, o, dəyişmir. Azərbaycanın ən gözəl maddi-mədəniyyət nümunələrindən hesab olunan qaval daşının dünyada analoqu yoxdur. İlahinin bizə bəxş etdiyi bu təbii, ecazkar səs, hələ neçə əsrlər bundan sonra da mədəniyyətimizin bir parçasını özündə əks etdirərək, Azərbaycan musiqisinin zənginliyinə zənginlik qatacaqdır.
Fətəli Axundzadə
Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri
“Şərqin səhəri”qəzeti