Müasir Azərbaycan poeziyasının tanınan simalarından olan Zeynal Xəlil zəngin mənəvi dünyası olan şair idi. Özünəməxsus yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini günü-gündən püxtələşdirərək onu şeirin keşməkeşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri etmişdi. Əsl poeziya, əsl sənət əsəri üçün zaman həddi, zaman sərhədi olmayıb, yəqin ki, bundan sonra da olmayacaq. Zeynal Xəlil xoşbəxt şairlərdəndir ki, zəngin poeziyası ona belə ölməzliyi bəxş etdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, martın 23-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin anadan olmasının 107-ci ildönümü tamam olur.
XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın keşməkeşli yollarında ağır sınaqlarla üzləşən, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımızda imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürmüş bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan insani məhəbbətlə vəsf etməyi bacardı. Hər şeydən öncə Zeynal Xəlil dövrünün övladı idi. Əgər o, bir tərəfdən insanın daxili aləmi, yüksək amallar uğrunda mübarizəsi barədə yazırdısa, digər tərəfdən XX əsrin diktəsi, tələbləri də bir şairin yaradıcılığında öz əksini göstərirdi. Zeynal Xəlil XX əsrin ən gözəl lirik şairlərindən biri idi. Onun qələmindən çıxan məhsul çoxcəhətli həm də bu gün öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyeslər olmuşdur. Zəngin yaradıcılığa malik olan Zeynal Xəlil öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin, mərkəzində insan və onun arzuları dayanırdı.
Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. O, şeirlərinin birində öz tərcümeyi-halını belə dilə gətirir: “Atam papaqçıydı, varı-yoxu bir qəlib idi, bir də iynə. Hər zaman öz şeirlərində ağrı və məhəbbətlə atasını yad edən Zeynal Xəlil yeddi yaşında ikən atasını itirib. Böyük qardaşlarının himayəsində yaşayan şair əvvəl yeddiillik orta məktəbi, sonra isə peşə məktəbini bitirmişdir. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlmişdir. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qazanmışdır. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhval-ruhiyyədir.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.
Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Emin Sabitoğluna məxsus “Kimlər gəldi, kimlər getdi”, "Bu gecə”, "Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
Zeynal Xəlilin qələmə aldığı əsərlər bir sıra xarici dillərə tərcümə olunmuş və onun rus və Avropa ədəbiyyatından etdiyi tərcümələr həmişə diqqətəlayiq olub.
Yaradıcılığında həyat həqiqətlərinin min rəngi duyulan, insanlara həmişə əbədi sevgi və sədaqətlə xidmət edən, şair dünyasını yaşatmaq üçün öz ömrünü girov qoyan Zeynal Xəlil poeziyamızın qüdrətli simalarından biri kimi heç vaxt unudulmayacaq.