Aşıq Ələsgərin Naxçıvan səfəri

A- A A+

Bu günlərdə Azərbaycan aşıq poeziyasının görkəmli siması Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin 2021-ci il 18 fevral tarixdə imzaladığı Sərəncamla Azərbaycan və Türk dünyası ədəbiyyatında mühüm tarixi bir hadisədir. Bu məqsədlə sərəncamın muxtar respublikada icrasının yüksək səviyyədə təmin edilməsilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il 22 fevral tarixli Sərəncamı da böyük elmi-mədəni əhəmiyyətə malikdir. Sərəncam əsasında tədbirlər planı hazırlanıb, bu istiqamətdə muxtar respublikada elmi konfransların, yaradıcılıq müsabiqələrinin, interaktiv dərslərin, elmi araşdırmaların aparılması, teleradio verilişlərinin hazırlanması və sair nəzərdə tutulubdur.

Aşıq Ələsgərin özü demişkən:
Yaxşı hörmətinən, təmiz adınan,
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.

Özü Qafqaz elini, şöhrəti isə Türk müsəlman dünyasını dolaşan bu qüdrətli sənətkar Azərbaycanın Naxçıvan torpağında da dəfələrlə olub, gözəl saz-söz məclisləri keçiribdir. Bunların da nəticəsində haqqında bəhs ediləcək “Aşıq Ələsgərin Naxçıvan səfəri” dastan-rəvayəti yaranıbdır. Təbii ki, bu epik-lirik mətndə həm dastan, həm də rəvayət ünsürləri vardır. Burada dastan janrı ilə bağlı nəsr-nəzm növbələşməsi, səfər, yol, saz-söz sınağı, rəvayətə məxsus tarixlə, real hadisələrlə səsləşən məqamlar özünü göstərir.

“Aşıq Ələsgərin Naxçıvan səfəri” dastan-rəvayəti özünəməxsus quruluşa və danışıq-üslub tərzinə malikdir. Mətnin qısa məzmununa görə, Aşıq Ələsgərin təcrübəsiz şagirdi Nağı lovğalığı üzündən ustadından ayrılır, Şərura Məhəmməd bəyin yanına gəlir. Düşünür ki, Məhəmməd bəy hörmətli adamdır. Onun yanında qalıb aşıqlıq etsə, ona toxunan olmaz. Bir məclisdə Cəfərulla adlı bir aşıq onu bağlayıb sazını əlindən alır. Məhəmməd bəy Nağını Aşıq Ələsgərin arxasınca Göyçəyə göndərir. Nağı ustadının yanına gedib əhvalatı ona danışır. Ələsgər Naxçıvana yola düşməyə hazırlaşır. Əyninə köhnə libas geyir, özünü tanınmaz, qoca bir görkəmə salır. Nağıya da deyir ki, məni şəyirdin kimi qələmə verərsən. Adıma da “Solaxəy” aşıq deyərsən.

Ələsgər yolüstü bir çəkmə sifariş verir. Çəkməni alanda görür ki, verdiyi tumaşın əvəzinə çəkməçi ona keyfiyyətsiz materialdan çəkmə tikib. Ələsgər burada beş bənd şeir söyləyir. Sonda da Aşıq Ələsgər olduğunu çəkməçiyə nişan verir:

Qəşəm olsun xudkeşlərin sərinə,
Yalan söz iyidi salar dərinə.
Köhnə dağarcığı tumaş yerinə,
Aşıq Ələsgərə satma, heyifsən!

Çəkməçi aşığı tanıyıb üzr istəyir, ona yaxşı bir çəkmə tikib, hörmətlə yola salır.

Aşıq Ələsgər Şərura gəlir, Məhəmməd bəyin bacısı Müşkünaz xanımın qonağı olur. Nə məclisdəkilər, nə də Müşkünaz xanım onu tanımır. “Solaxəy” adı ilə meydana çıxan Aşıq Ələsgərlə Aşıq Cəfərulla və Əsədulla arasında deyişmə olur.

Azərbaycan aşıq yaradıcılığında Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı və digər sənətkarlar deyişmələrə əvvəldən dəvət almışlar. Aşıq Ələsgər də Şərurdakı aşıq deyişməsinə dəvət alıb gəlir. Yaxud Şəmkirli Aşıq Hüseynin Naxçıvanda Reyhan xanımla deyişməsi də Kalbalı xanın dəvətilə baş tutub. Sifarişli deyişmələr üçün belə “dəvət alma”lar Azərbaycan aşıq ədəbiyyatının Naxçıvan mühiti üçün də səciyyəvidir.

Qeyd edək ki, aşıq sənətində deyişmələrin müxtəlif formaları var. Bunlardan ən geniş yayılanı saz-söz məclisində iki aşığın qarşı-qarşıya deyişməsidir. Belə deyişmələr müxtəlif səbəblər üzündən baş verir və demək olar ki, əksər halda çox gərgin yaradıcılıq şəraitində keçir. Burada qarşıda bir-birinə boyun əyməyən iki aşıqdan kimin kimə qalib gələcəyini aydınlaşdırmaq məqsədi durur. Vaxtilə bu məsələyə diqqət yetirən görkəmli folklorşünas alim Məhəmmədhüseyn Təhmasib yazırdı ki, belə ustadlar, hətta bəzən İran-Turan gəzib deyişir, ya qalib gəlir, ya da məğlub olurlar. Deyişmələrdə birinci dəfə məğlub olmuş aşıq özünü məğlub saymırsa, qalib onunla ikinci, üçüncü dəfə də deyişir. Ənənəyə görə, bu vaxt məğlub sazını qalibə təhvil verməli, aşıqlıqdan ya əl çəkməli, ya da qalibdən icazəsiz əlinə saz almamalıdır.

Üç mərhələdə keçirilən deyişmənin birinci hissəsində aşıqlar bir-birinə hərbə-zorba gəlir. Bu aşıqların bir-birini qorxudub meydandan çıxarmaq cəhdidir. Deyişmənin ikinci mərhələsində aşıqlar eyni hava üstündə eyni rədifə söykənən şeir şəkillərindən istifadə edirlər. Əvvəl sadə şeir şəkillərindən istifadə etməklə tədricən mürəkkəb formalara keçərək bir-birini sınayırlar. Üçüncü mərhələdə aşıqlar müəmma və qıfılbəndlərdən istifadə edir, bir-birini imtahana çəkirlər. Şəriət və təsəvvüflə bağlı bilgilər yoxlanılır. Çətin sınaq mərhələsində qıfılbəndlər oxunur, doğru cavablar gözlənilir. Doğru cavabı söyləyə bilməyən aşıq məğlub sayılır.

“Aşıq Ələsgərin Naxçıvan səfəri”ndəki deyişmənin quruluşu yuxarıda deyilənlərdən bir qədər fərqlidir. Yəni deyişmədə əvvəl hərbə-zorba üsulundan deyil, eyni rədifli şeir şəklindən istifadə edilir. Aşıq Cəfərulla və Əsədulla bəndləri “Ay nədən oldu?” ifadələrilə bitən bağlama ilə deyişməyə başlayır. İlk qarşılaşmada Aşıq Ələsgər görür ki, Aşıq Cəfərulla öz şeirini oxumur. Amma bunun üstünü vurmur və şeirin növbəti bəndini söyləyir:

Yerin, göyün, ərşin, kürşün, insanın
Günhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim seçdi,
Hikmətin dəryası ay nədən oldu?

Məclisdəkilər bu şeirdən hiss edir ki, özünü qanmaz və bir qədər də nizamsız göstərən Solaxəy aşıq mərifətli bir qocadır. Sonra eyni rədif üstə bir neçə şeir bəndi oxunur. Solaxəy aşıq deyir:

Neçə sütun, neçə qəndil vuruldu?

Sən kimsən, mən kiməm,
kimdən soruldu?
Elmin müəmması harda duruldu,
Ustadlar ustadı ay nədən oldu?


Aşıq Cəfərulla deyir:
Gözəl şahım bizi saldı bir saya,
Rəhm elə sən mənim tək beynavaya,
Abbas deyər, sirri qaldım xudaya,
Pərim bir bəşərdi, ay nədən oldu?

Solaxəy aşıq deyir ki, oğul, bu oxuduğun bənd Aşıq Abbasındır.

Aşıq Cəfərulla cavab verir ki, Aşıq Abbas mənəm, söz də mənimdir. Solaxəy aşıq bağlamanın cavabın deyir.

Aşıq Cəfərulla və Əsədulla yenə hiylə işlədirlər. Cəfərulla Aşıq Ələsgərin aşağıdakı bağlama-qıfılbəndinin bir neçə bəndini oxuyur. Sonda da deyir:

Altı gündə dünya neçə don geydi,
Nə üstə əyləşdi, bərqərar oldu?
Əzəl kimlər oldu Turun bənnası,
Ulduzlar nə təhər yerbəyer oldu?

Solaxəy aşıq deyir ki, oğul, bu bağlama da Ələsgərindi, bu Ələsgər kimdi? Cəfərulla öz ustadı Aşıq Əsədullanı Ələsgər adı ilə məclisə təqdim edir. Aşıq Ələsgər səbirli, təmkinli insan idi. Yenə bir söz demir, qıfılbənd-bağlamanın cavabını açır.

Məlumdur ki, aşıq sənətinin əsas xüsusiyyəti improvizədir. İmprovizə o deməkdir ki, aşıq məclisdə ifa edə-edə yaradır, yarada-yarada ifa edir. Bu xüsusiyyət də Aşıq Ələsgərdə çox qüvvətli olub. Demək olar ki, bu çox sənətkara müyəssər olmayan bir qabiliyyətdir. Deyişmədə aşığa daha çox uğur gətirir. Eləcə də deyişmədə Ələsgər müəmmalardan istifadə edir.
Ələsgərə görə müəmma şeirdə daha çox eyhamdır, yəni məcazdır ki, o, bundan yuxarıda qıfılbəndin bir bəndində və aşağıdakı beytdə istifadə edir:

Elmi hardan tapdı cümlə aşıqlar,
Şeir müəmması ay nədən oldu?

Aşıq Ələsgərin məharəti, sənətkarlığı hər şeirində, hər misrasında özünü göstərir. Deyişmənin sonunda onun aşıqların hərbə-zorbasına cavabı da çox tutarlı olur. Üç bəndlik həmin hərbə-zorbanın sonunda Ələsgər adını da məclisə bəyan edir:

Məğrurluq eyləyib, ustadam demə,
Olar ki, bir yerdə dara düşərsən.
Baş tülək deyilsən, çolpa balasan,
Sərgərdan qalarsan, tora düşərsən.

Alçaqda otur ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa,
Əlin vurma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən!

Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Çəkər səni caynağında dağıdı
Göydən yerə parça-para düşərsən!

Məclis əhli bu qüdrətli sənətkarı tanıyıb, ürəkdən alqışlayır. Ələsgər dönüb Müşkünaz xanımı görür, ona da layiqli bir tərif deyir:

Könül gördü, ürək dərdü-vərəmli,
Səni gördüm səxavətli, kərəmli,
Bir mirzə lazımdı əli qələmli,
Mən deyim, vəsfini yaza, Müşkünaz!

Məclisin sonunun gözəlləmə ilə bitməsi təsadüfi deyil. Məhəbbət dastanlarında məşhur gözəlləmələrdən istifadə etmə halına “Tahir-Zöhrə”, “Əsli-Kərəm”, “Məsum-Diləfruz” və digər klassik dastanlarda da təsadüf edilir. Bu saz-söz məclisində xoş ovqat yaradır, saz havaları ilə də çox yaxşı uzlaşır.

Ələsgər məclisin sonunda ənənəyə görə, bağladığı aşıqların – Əsədulla və Cəfərullanın sazlarını əllərindən alır.

Aşıq Ələsgər sazı sol əli ilə çalıb, zil, nazik səslə məharətlə oxuyarmış. Görünür ki, buna görə o, dastan-rəvayətdə “Solaxəy” adı ilə çıxış edir. Özünü Nağının şagirdi kimi qələmə verməklə Aşıq Cəfərulla və Əsədullanı şirnikləndirir. Həm də bundan bir metod kimi istifadə edir.

Yuxarıda haqqında bəhs edilən gözəlləmənin son bəndindəki “Qəddim əyib qədri-qəza, Müşkünaz!” – misrasına görə Ələsgər bu şeiri qoca çağlarında söyləyib. Amma məclisdəki davranışına görə Müşkünaz xanım onun 40-dan artıq yaşı olmadığını hiss edir. Ələsgərin 1821-ci ildə anadan olduğunu nəzərə alsaq, 40 yaşı 1860-cı ilə təsadüf edir.

Bir əhvalatın, ya hadisənin epikləşib dastan-rəvayət şəklinə düşməsi üçün müəyyən müddət lazımdır. Aşıq Ələsgər dastan yaratmayıb. Amma ondan soruşulanda ki, dastan yaratmısınız? Cavabında deyib ki, mənim başıma gələn hadisə və əhvalatların hər biri dastandır. Doğrudan da, aşıqla bağlı əhvalatlar, hadisələr əsasında bir çox rəvayətlər yaranıbdır. “Aşıq Ələsgərlə Dəli Alı”, “Ələsgərin Gəncə səfəri”, “Aşıq Ələsgərlə Həcər xanım”, “Ələsgərlə Aşıq Hüseyn Şəmkirli”, “Aşıq Ələsgərin Qarabağa toy səfəri”, “Anaxanımın küsməyi” belə örnəklərdəndir. “Aşıq Ələsgərin Naxçıvan səfəri” dastan-rəvayəti də aşıqla bağlı əhvalatlar, şeirlər, daha çox “Heyifsən”, “Düşərsən”, “Ay nədən oldu”, “Müşkünaz” adlı şeirləri əsasında aşıqlar tərəfindən yaradılıbdır.

Ümumiyyətlə, aparılmış araşdırmalar, “Aşıq Ələsgərin Naxçıvan səfəri” və ustadın bir çox şeirləri XIX-XX əsrlər Göyçə aşıq mühitinin Naxçıvan aşıq mühiti ilə sıx sənət və yaradıcılıq ənənələrinə malik olduğunu bir daha göstərir. Göyçə aşıq mühiti, xüsusən də Dədə Ələsgər yaradıcılığı və məktəbi Şərur-Naxçıvan-Şahbuz aşıqlarının yaradıcılığına, sənətdə inkişaf edib təşəkkül tapmalarına güclü təsir edibdir.

Cari il fevralın 18-də Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncam, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə bu yubileyin muxtar respublikamızda da geniş şəkildə qeyd olunması ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi bu qədim aşıq sənətinin yaşadılmasına göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Bu tarixi sərəncam Aşıq Ələsgər yaradıcılığının, onun Naxçıvan aşıq mühitinin formalaşması və inkişafına təsirinin öyrənilməsinə öz bəhrəsini verəcək.

Yusif Səfərov
Filologiya üzrə elmlər doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: