Dədə Ələsgər irsinin tədqiqində Ərtoğrol Cavid imzası

A- A A+

Ölkəmizdə 2021-ci ilin böyük korifey sənətkar, ədəbiyyat, şeiriyyət bayraqdarı “Nizami Gəncəvi ili” elan olunduğu bir zamanda həm də xalqımızın digər görkəmli şəxsiyyətləri, böyük söz adamlarının da yubileylərini fəxarətlə qeyd edirik. Böyük Zəfər ilindən sonra yaşadığımız quruculuq və dirçəliş ili olan 2021-ci ildə saz-söz sənətinin böyük dədəsi Aşıq Ələsgərin 200 illik yubileyi təntənə ilə yad olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Böyük ustad Aşıq Ələsgərin 200 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında da əlamətdar keçirilməsi ilə əlaqədar olaraq Ali Məclisin Sədri cənab Vasif Talıbov Tədbirlər Planı təsdiq edib. Belə bir vaxtda nəzərlər bir tərəfdən də Dədə Ələsgərin tədqiqatçılarına, o cümlədən bu sahədə izi, sözü, töhfələri olan gənc və istedadlı insan Ərtoğrul Cavidə yönəlir. 

Aşıq sənəti ədəbi irsimizin xüsusi bir sahəsini, qiymətli və aktual bir istiqamətini təşkil edir. Əgər mənbələrin fikrini nəzərə alsaq, böyük inkişaf yolu keçmiş aşıq sənəti çox qədim bir tarixə malikdir. Ozan sənətindən aşıq sənətinə transformasiya edən bu sənət  milli qrupu biri-birindən fərqləndirən  xüsusiyyət kimi müəyyənləşib. Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanında da oğuz igidləri biri-birini bu etnik qrupa mənsub olmalarına görə fərqləndirici bir xüsusiyyət kimi qopuza etibar ediblər. Qopuz oğuz elinə mənsubluq atributu, əlaməti kimi çıxış edibdir.

Zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatı materiallarının, o cümlədən şifahi xalq sənəti, aşıq yaradıcılığı irsinin toplanması sahəsində misilsiz xidmətlər göstərmiş görkəmli şəxsiyyətlər, zəhməti keçən adamlar arasında Salman Mümtazın, Hümmət Əlizadənin, Vəli Xuluflunun və digərlərinin xidmətləri misilsizdir. Bu kimi görkəmli tədqiqatçı və toplayıcılar sırasında böyük vətənsevər şair Hüseyn Cavidin əziz-xələf övladı, gənc bəstəkar, alim, rəssam Ərtoğrol Cavidin də mühüm yeri, xidmətləri var idi. Ərtoğrol Cavidin vaxtilə böyük zəhmətkeşliklə topladığı materiallar bu gün ədəbi sərvətimizin qorunub-saxlanması işinə mühüm töhfələr verməkdə, ciddi mənbə kimi əhəmiyyətli fayda gətirməkdədir. Onun ədəbi irsində müxtəlif illərdə topladığı xalq dastanları, aşıq yaradıcılığı nümunələri və sair diqqəti cəlb edir.

Cavidşünas alim Gülbəniz Babaxanlının zəhmətkeşliyi ilə toplanılan və onun tərtibçiliyi ilə hazırlanan Ərtoğrol Cavid irsinin on iki cildlik külliyyatının iki cildini məhz Azərbaycan aşıq yaradıcılığının toplanması işində Ərtoğrolun topladığı nümunələr və tədqiqat, təhlil materialları yer alır. Gənc tədqiqatçının toplayıcılıq fəaliyyəti dövrün mötəbər və zəhmətkeş alimlərindən, Azərbaycan şifahi xalq ədəbiyyatı bilicisi və folklorşünaslıq elminin sütunlarından biri olan Hümmət Əlizadə ilə birgə olubdur. Bəzi materialların əvvəlində “Toplayanı Hümmət Əlizadə. Yazıya alanı Ərtoğrol Cavid” qeydləri də bunu tam qətiyyətlə təsdiq edir.

Külliyyatının aşıq sənətinə həsr olunmuş ikinci kitabına (10-cu cildinə - R.Qasımov) Ərtoğrol Cavidin toplayıcılıq etdiyi və yazıya alınmasında xidmət göstərdiyi (Burada görkəmli folklorşünas Hümmət Əlizadənin və materialların yazıya köçürülməsində yaxından iştirak edən Hüseyn İskəndərovun da adları qeyd olunub – R.Q.) digər çoxsaylı aşıq sənəti ustadları yer almaqdadır. Ərtoğrol Cavid Molla Cumanın, Aşıq Miskinli Vəlinin ardınca bu sənətin nəhəng nümayəndələri və onun inkişafında misilsiz xidmətlər göstərmiş korifeylər olan Aşıq Musa, aşıq sənətinin qocaman dədəsi Aşıq Ələsgər, Aşıq Abbas Tufarqanlı, Hüseyn Bozalqanlı, Aşıq Əmrah, Aşıq Alı, habelə Aşıq Ələsgərin qardaşı Aşıq Məhəmməd, Ağdabanlı Qurban, Növrəs İman, Zodlu Abdulla, o cümlədən bəzi el şairləri, aşıq sənətinə yaxın yazan Molla Pənah Vaqif və Qasım bəy Zakirin bəzi yaradıcılıq nümunələri, haqlarında məlumatlar toplayıb təqdim edibdir.  

Ərtoğrol Cavid toplanılan folklor materiallarına, aşıq sənəti nümunələrinə konkret münasibət və təhlildə daha maraqlı və diqqətçəkici olur. O, əsl folklorşünas, ədəbiyyatşünas alim kimi davranır, fikir və tezislər irəli sürür, konkret yanaşma və təhlil istiqaməti müəyyənləşdirir. Ə.Cavid aşıq sənəti nümunələrindən bəhs edərkən bu kimi məsələlərə əhəmiyyətlə yanaşır və tələb ifadə edirdi ki, toplayıcı və tədqiqatçı tərəfindən “hər şeirin nə münasibətlə söylənildiyi dəxi qeyd edilməli və bioqrafiyasına aid olanlar və onun yazdığı parçalar” göstərilməlidir və sair. Ə.Cavid özü də təhlili və tədqiqatları zamanı bu tələblərə riayət edir və maraqlı məlumatlar ortaya qoyurdu. Gənc tədqiqatçı və toplayıcının irsində Dədə Ələsgərin sənətinə münasibət də başlıca yerdə gəlir. Bu gənc tədqiqatçı Dədə Ələsgərin yaradıcılıq nümunələrinə münasibətdə əsl, peşəkar toplayıcı və tədqiqatçı kimi davranaraq hər hansı şeirin yaranma səbəbi, deyilmə münasibətini aşkarlayaraq təqdim edir. Toplayıcı kimi Ə.Cavid həm də aşıq nümunəsinin hansı hava üstündə deyildiyi və ya oxunduğunu da qeyd edir, onunla bağlı izahlar verirdi. Ə.Cavid Aşıq Ələsgərin məşhur “Qaytarma” havası üstündə oxunan “Baxtım” rədifli şeiri ilə bağlı yazırdı: “Aşıq Ələsgərin mal-qarası azardan qırılır. Ona görə də cüt əkmək üçün Kəlbəcər rayonuna gedib dostu Həsəndən bir öküz gətirir. Öküz yolda Ələsgərin qabağından qaçır, atı yorğun olduğundan atdan düşüb öküzün dalına düşür ki, onu tutsun. Nəhayət, özü də yorulur, geri qayıtmağa məcbur olur. Qayıdan baş atını da itirir. Dərdindən bir ağac dibində oturub istəyir ki, bir qalyan çəksin, lakin əlini cibinə saldıqda baxıb görür, qalyan-kisə də cibindən yox olub, odur ki, sazı çıxarıb baxtının yatmağına belə deyir:

Ya sevda tapıbsan, ya at alıbsan,

Hardasan, qəflətdə, gəl, qoca baxtım.

Ya məndən küsübsən, ya qocalıbsan,

Bu sınıx gönlümü al, qoca baxtım və s.”.

Söz yox, bu izah gənc tədqiqatçının “Hər şeirin nə münasibətlə söylənildiyini dəxi qeyd etməli” tezisinə uyğun müəllif tərəfindən verilibdir ki, doğrudan da, belə məlumatlar çox əhəmiyyət qazanır və bəlkə də, belə demək olar ki, hər hansı aşıq, sənətkar haqqında bir “dastan” yaradılmış olur. Söz yox, belə məlumatlar da öz yaradıcılığı əsasında Aşıq Ələsgərin və başqalarının həyatının öyrənilməsinə geniş stimul verir. Belə nümunələr çoxdur bu materiallar arasında. Məsələn, “El havası” üzərində oxunan “Kəsildi” rədifli şeiri haqqında “Ələsgərin oğlu Bəşirin əlində tüfəng açılıb güllə Ələsgərin əmisi oğlu Rəhimi öldürür. Ələsgər bu faciəli hadisəyə belə deyir”, “Aparır” rədifli “Müxəmməs” haqqında “Kəlbəcər rayonunun Qılınclı kəndində Aşıq Ələsgəri bir neçə dövlətli aldadıb oxudurlar. Ona boyun olduqları danaları verməkdən vaz keçdikləri üçün Ələsgər bu həcvi deyir”, “Ovşarı” havasında  oxunan deyişmə şəklində yazılan şeir haqqında “Aşıx Ələsgər çar vaxtı – aclıq illərində bir zəmi becərir, lakin içindən məhsul götürə bilmədiyi üçün tarlada olan bir quru kötüyə dərdi halını belə vəsf edir” və b. kimi məlumatlarla bəzi şeirlərə hansı münasibətlə deyilməsinə aydınlıq və izah gətirir.   

Beləliklə, Azərbaycan və ümumən türk dünyası aşıq sənətinin dədəsi hesab olunan Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd edildiyi bir vaxtda böyük Azərbaycan şairi Hüseyn Cavidin nakam taleli övladı gənc və istedadlı tədqiqatçı, rəssam, bəstəkar Ərtoğrol Cavidin də bu sahədəki xidmətləri xatırlanmaqdadır. Bu gənc oğlan böyük tədqiqatçılarla birgə Azərbaycan aşıq sənətinin ustadları haqda xeyli materiallar toplayaraq Azərbaycan ədəbiyyatına böyük töhfələr veribdir. Onun Dədə Ələsgər irsi haqda olan məlumat və materialları da bu sahədə mühüm mənbə və fayda təşkil etməkdədir. Dədə Ələsgər haqda yaranmış dastan və rəvayətlər bunu bir daha diqtə edir ki, gənc tədqiqatçı Ərtoğrol Cavid Aşıq Ələsgər şeirlərinin yaranma səbəbilə bağlı tədqiqatlarında nə qədər haqlı imiş!..

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: