Naxçıvanın möhtəşəm tarixi abidələri - buzxanalar - FOTOLAR

A- A A+

Qədim tarixə malik olan Naxçıvanda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də möhtəşəm tarixi abidələrdə - buzxanalarda yaşadılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, vaxtilə insanlar buza olan tələbatlarını ödəmək, ərzaq məhsullarını uzun müddət saxlamaq üçün həmin buzxanalardan istifadə ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun dediyi kimi: “Buzxanalar insan təfəkkürünün məhsuludur. Texnologiyanın olmadığı bir dövrdə xalqımızın yaratdığı buzxanalar insanları isti yay günlərində buzla təmin etmişdir. Bu da Azərbaycan xalqının tarixən nə qədər böyük inkişaf yolu keçdiyini göstərir. Çünki tarixi abidələr hər bir xalqın uzun illər ərzində formalaşdırdığı mədəniyyətin nəticəsində yaranmışdır”.

Profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tarixi tikili – Naxçıvan buzxanası

Bu gün qədim diyarda 3 tarixi buzxana abidəsi var. Həmin buzxanalardan biri Naxçıvan şəhərindəki buzxanadır. “Naxçıvan Abidələri Ensiklopediyası”nda bildirilir ki, bu abidə öz profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. Yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur. Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan şəhər buzxanasının səciyyəvi cəhətlərindəndir.

Abidənin başlıca xüsusiyyəti heç də onun böyük ölçülərə malik olmasında deyil. Yüksək texniki səviyyədə kərpicdən qurulan örtük konstruksiyasının mükəmməl həlli, tikilmə forması, bina örtüyünün uzununa yüngül və dinamik konstruksiya sxemi üzərində yaradılması onun səciyyəvi cəhətlərindəndir. Ötən il mayın 5-də Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilib, abidədə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılıb.

Ordubad buzxanası Naxçıvan memarlıq məktəbinin növbəti nümunəsidir

Bu cür oxşar konstruksiyadan Ordubad şəhərindəki buzxanada da istifadə olunub. Hətta o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidləri də bunun oxşarıdır. Bu da, ilk növbədə, XII-XIV əsrlərdə mövcud olan Naxçıvan memarlıq məktəbinin geniş əhatə dairəsi ilə bağlıdır.

Ordubad buzxanası da regionda ticarət məqsədi ilə inşa olunan obyektlərdən biri olub. Memarlıq abidəsi XIV əsrdə tikilib, XVIII əsrdə yenidən bərpa edilib. 2014-cü ildə Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsi yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Abidənin ümumi sahəsi 166 kvadratmetr, hündürlüyü 11 metrdir. Burada 5 günbəz, ümumi zal, giriş və yardımçı otaq mövcuddur. Konstruktiv elementi formaca 4 tağvarı sütundan ibarət olan abidənin üzərinə latun örtük vurulub, buzxana hissəsinə enən pilləkənlər bərpa olunub. Xalqımızın minillik məişət mədəniyyətinin göstəricisi olan abidənin tarixi görkəmi qorunub saxlanılıb, divarlar əhəng-gil qarışığı ilə hörülüb.

XIX əsrin yadigarı olan Cəlilkənd buzxanası

Şərur rayonundakı Cəlilkənddə yerləşən buzxana kompleksi isə XIX əsrə aiddir. 2015-ci ildə Cəlilkənd buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bina dördkünc formalı olub yuxarıda tağabənzər formada tamamlanıb. Yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilib. Binanın divarları yüngülcə yonulan boz rəngli qaya parçalarından inşa edilib. İçərisində divarlar boyunca dördkünc formalı şəkillər var.

Yay aylarında yerli əhali istilərdən qorunmaq, yeyinti məhsullarını, şəxsi azuqələrini uzun müddət saxlamaq üçün bu binalardan istifadə edib. Buz əldə etmək məqsədilə qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq buz halına salınırdı. Buzun əriməməsi üçün onların arasına saman da tökülürmüş.

Hazırda bu tarixi abidələrin hər biri turizm obyekti kimi fəaliyyət göstərir. Burada ziyarətçilərə milli mətbəx nümunələrimiz də təklif edilir. Ən əsası isə həmin abidələr bu gün kompleks şəkildə bərpa edilərək Azərbaycan xalqına qaytarılıb.

Ali Məclisin sədri tarixi abidələrə göstərilən diqqətin əhəmiyyətini qeyd edərək deyib: “Abidələri yaşatmaq xalqın tarixini, mədəniyyətini, dəyərlərini yaşatmaq deməkdir. Bu gün tariximiz təkcə kitablarda deyil, eyni zamanda, abidələrdə yaşayır. Xalqımızın neçə əsr bundan əvvəlki təfəkkürünün məhsulu olan abidələri qorumaq, bərpa edərək yaşatmaq gələcək nəsillərdə tariximiz və qədim mədəniyyətimiz haqqında təsəvvürlər formalaşdırır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: